“Türkiyə-Azərbaycan ittifaqı regionun təhlükəsizlik amilinə çevrilib” – ƏRDOĞAN
Türkiyə lideri Azərbaycan rəhbərini təbrik edib: “Fəaliyyətiniz Türk dünyası tərəfindən böyük maraq, sevinc hissi ilə izlənir və örnək kimi qəbul edilir”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. “Avronews” xəbər verir ki, təbrik məktubunda deyilir:
“Hörmətli Prezident, Əziz Qardaşım.
Doğum gününüzü şəxsən öz adımdan və xalqım adından səmimi-qəlbdən təbrik edir, Sizə və dəyərli ailənizin üzvlərinə can sağlığı, xoşbəxtlik və uzun ömür diləyirəm.
Zati-alinizin qətiyyətli və uzaqgörən liderliyi ilə qardaş Azərbaycan son illərdə böyük nailiyyətlər əldə edib, beynəlxalq arenada nüfuzunu daha da möhkəmləndirib. Xüsusilə Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və abadlaşdırılmasında göstərdiyiniz əzmkarlıq və qətiyyət hər cür təqdirin fövqündədir.
Azərbaycanın əmin-amanlığı, rifahı və gələcək nəsillər üçün çəkdiyiniz dəyərli zəhmətiniz bütün Türk dünyası tərəfindən böyük maraq və sevinc hissi ilə izlənir və örnək kimi qəbul edilir.
Öz gücünü "Bir millət, iki dövlət" anlayışı ilə xalqlarımız arasındakı qədim qardaşlıq əlaqələrindən alan Türkiyə-Azərbaycan ittifaqı da bu prosesdə regionumuz üçün əvəzsiz təhlükəsizlik, sabitlik və rifah amilinə çevrilib.
Müdafiə sənayesi, müştərək energetika və nəqliyyat layihələrindəki əməkdaşlıqla hər bir sahədə nümayiş etdirdiyimiz sarsılmaz həmrəyliyimizi Cümhuriyyətimizin 100-cü ildönümünü qeyd edəcəyimiz 2023-cü ildə də daha yüksək səviyyələrə çatdıracağımıza bütün səmimiyyətimlə inanıram.
Hörmətli Prezident, fürsətdən istifadə edərək Zati-alinizə yeni yaşınızda can sağlığı və xoşbəxtlik arzulayır, dost və qardaş Azərbaycan xalqının xoş günləri və rifahının bundan sonra da davam etməsi üçün ən səmimi diləklərimi çatdırıram".