İran ABŞ-a “Bakıya hücum etdim” mesajını niyə verir?
Azərbyacan ictimai rəyində anti-İran mövqeyini daha da gücləndirmək naminə olsa belə, Tehran nəyə nail olmaq istəyir?
Ermənistanın sentyabr döyüşlərində İranın dəstəyini gündəmə gətirməsi Bakı-Tehran xəttindəki gərginlikdən istifadə etmək kimi görünür: İranın ermənilərə hərtərəfli dəstəyi sirr deyil, o da sirr deyil ki, Bakı-Tehran qarşıdurması İranın dəstəyinin güclənməsində İrəvana yeni imkanlar yaradır və bu, onun üçün regionda təklənməmək baxımından əhəmiyyətlidir, xüsusilə Moskva qarşısında “mərkəzdənqaçma siyasəti” fonunda.
Lakin istisna deyil ki, İrəvanın bu “etirafı” Tehrana daha çox lazımdır və bu kontekstdə sual yaranır: Azərbyacan ictimai rəyində anti-İran mövqeyini daha da gücləndirmək naminə olsa belə, Tehran nəyə nail olmaq istəyir?
Burada üç əsas məqama diqqət etmək olar:
- Müsahibə hansı media orqanında yayımlanıb?
- Ermənistan kimə, hansı mesajı verir?
- Niyə indi belə açıqlamalar tirajlandı?
Kostanyanın müsahibə verdiyi “Al-Monitor” nəşri Vaşinqtonda fəaliyyət göstərir və Yaxın Şərqlə bağlı əsas platformalardandır. Bu müsahibənin İrəvanın təşəbbüsü ilə yayımlandığı ehtimalı böyükdür və müsahibənin əsas məğzi Vahanın dediyi “İran bu gün regionda Ermənistanın mühüm tərəfdaşıdır” fikridir.
Və bu, Ermənistanın Bakı-Tehran xəttindəki qırılmanı dərinləşdirməkdən daha çox, ABŞ-a verdiyi mesaj, həm də Tehranın İrəvan üzərindən Vaşinqtona “əhəmiyyətini” nümayiş etdirməsidir: İranda ümid edirlər ki, Ermənistana dəstəklə Vaşinqtonun regional siyasətinə töhfə verə və hərbi müdaxilə planını arxa plana keçirə bilərlər.
Bunun indi - İsrailin İrana zərbələr endirməsindən dərhal sonra gündəmə gətirilməsi də ABŞ-ın hərbi müdaxilə qərarına təsir etməyə hesablanıb. Tehran bu ssenarinin qarşısını almaq üçün Bakıya hücumunu etiraf edir.
Müəllif: Asif Nərimanlı (siyasi şərhçi)
Mənbə: “Facebook”