Həssas dönəmdə məkrli plan – Diqqət Qarabağa!
Belə bir ərəfədə bu cür hadisə təsadüf ola bilməz
Nə yazıq ki, əsasən şou-proqramlara düşkün məmləkət mediası, kimlərinsə eşq-məşq gündəmini güdən saytlar və sosial şəbəkə seqmentimiz “məkrli erməni xisləti bitmiş” deyə düşünüb və çox rahatlayıb. Amma...
Deməli, Ruben Vardanyan adlı bir erməni milyarder (keçmiş Rusiya vətəndaşı) rəsmi bəyanət (1 sentyabrda) verib ki, guya, məcburiyət qarşısında Rusiya dövlətindən üzr istəyərək, onun vətəndaşlığından imtina edib və Ermənistan vətəndaşı kimi “Artsax”a köçərək yaşamağa qərar verib.
(Ən hiddətləndirici həyasızlıq da odur ki, bu bəyanatı Qarabağda verir!)
Əvvəla, iki ildir davamlı erməni seqmentlərindəki gəlişmələri izləyən biri olaraq deyim ki, bu Ruben düşündüyünüz kimi, sıradan bir hay deyil – Rusiyada böyuk nüfuz, var-dövlət sahibidir. Həmçinin, dünya erməniliyinin qəbul etdiyi biridir ki, bizim məlum qələbəmizdən sonra, əsasən də Rusiyadakı erməni diasporu və rus imperiya sevdalıları tərəfindən Paşinyana alternativ kimi görulur!
Düşünürəm ki, bu hadisə sıradan bir hayın patriotik jesti deyil. Bu hadisədə erməni məkri, xisləti Rusiyanın geopolitik maraqlayrı ilə üst-üstə düşür.
İzah etməyə çalışım! Demək, Rusiya vətəndaşlığından imtina etməklə, dediyim bu milyarder Ruben həm öz varidatını məlum sanksiyalardan qoruyur, həm bu gün pat vəziyətində qalan, nüfuzu zəifləyən, Avropa sevdalı Paşinyana nisbətdə, Rusiyanın potensial alternativi kimi öz siyasi duruşunu möhkəmləndirir, üstəlik, bitmiş olan hay faşizminin ruh halını ayaqda tutmaq istəyir.
Yəni, bu fakt bir təsadüf deyil. Xüsusilə, Brüsseldə Şarl Mişelin məlum bəyanatında sülh muqaviləsinin qaçılmaz bir tələb olduğu qeyd edilən ərəfədə. Həmin bəyanat verilən günün səhərisi Ruben Vardanyan Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınan QARABAĞ bölgəsində belə bir bəyanatla çıxış edirsə, bu, təsadüf ola bilərmi? Əsla!
Yəni, Moskvanın başının Kiyevlə savaşa qarışdığı, beynəlxalq sanksiyalar altında çabaladığı və Ermənistan siyasi reallığına nüfuz etmək imkanının məhdudlaşdığı bir dövrdə belə bir nüfuzlu ruspərəst erməninin bizim məmləkətə de-fakto transferi boşuna, təsadüfən ola bilməz – bu, MƏQSƏDLİDİR!
Məlumat üçün onu da qeyd edim ki, Ruben Vardanyan dünənki məlum bəyanatında həm də “Artsax”ın müdafiəsi və inkişafı” adlı yeni bir siyasi xətt yaratdığını bəyan edərək, bu proyektin müdafiəsi üçün dünya erməniliyinə muraciətdə bulundu.
Bu baxımdan, çox istərdim ki, bu hadisəyə dövlət səviyəsində bir qiymət verilməklə, hal-hazırda Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə bu əbləhin necə peyda olduğu sorğulansın – hələ orada yaşamağa qərar verməsini demirəm.
Böyük və düşünülmüş bir oyunun içinə cəkilirik, ayıq-sayıq olmalıyıq. Yəni, bizim mətbuat və sosial şəbəkə seqmentimiz ucuz şoulara maraq göstərməkdənsə, belə həssas məsələlərə diqqət ayırmalıdır ki, daha betərinə yol verməmiş olaq!
Müəllif: Hüquqşünas Vüqar Goran (Adıgözəlov)
Mənbə: "Facebook"