Erməni diplomatiyası isterik hayqırtı içərisində

Erməni diplomatiyası isterik hayqırtı içərisində

Ermənistan xarici siyasət idarəsinin iddiaları absurddur

Erməni diplomatiyası “kökə”sinin oğurlandığını aşkar edərək, isterik çığırtı qaldırmağa başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycandan olan ziyalıların nümayəndələri ilə görüş keçirən kimi Ermənistan Xarici İşlər Nazirliyi (XİN) növbəti çaxnaşma saldı.

Belə ki, Ermənistan XİN-in bəyanatında qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu görüşdə səsləndirdiyi fikirlər “bir daha sübut edir ki, bu dövlətin rəhbərliyi Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasında heç bir halda maraqlı deyil”.

Ermənistan XİN-in məlumatına görə, İlham Əliyev guya “Ermənistanın suveren ərazisinin güc tətbiqi yolu ilə işğalı faktını nəinki açıq etiraf edir, həm də Ermənistan Respublikasına qarşı yeni ərazi tələbləri və güc təhdidləri irəli sürür, bununla da həm beynəlxalq hüquqa, həm də beynəlxalq tərəfdaşlara açıq hörmətsizlik edir”.

Ermənistan XİN belə bəyanatlar verməklə ilk növbədə özlərinin peşəkarlığının olmadığını göstərir. İlham Əliyev çıxışında bildirdi ki, 1988-1991-ci illərdə Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları bərpa olunmalı və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar: “Bunlardan danışarkən, güman edirəm ki, Ermənistanda növbəti isteriya başlayacaq ki, Azərbaycan gəldi, bizi işğal etdi və s. Yox. Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz öz hüquqlarımızı dinc yolla təmin etmək istəyirik”.

Təəssüf ki, bu sözlər erməni diplomatiyasının diqqətindən yan keçdi. Eləcə də Ermənistanda revanşist qüvvələr baş qaldırdığına görə Azərbaycanın Azərbaycan-Ermənistan sərhədində hərbi əməliyyat keçirməyə məcbur olması ilə bağlı sözlər də. “Bundan sığortalanmaq üçün biz mütləq Azərbaycan-Ermənistan sərhədi boyunca daha əlverişli mövqeləri ələ keçirməli olduq və buna nail olduq”, - deyə İlham Əliyev qeyd edib.

Ermənistan XİN Azərbaycanı Ermənistanın “suveren ərazisini işğal etməkdə” ittiham edərkən, məhz İrəvanın demarkasiya və delimitasiya prosesini uzatması səbəbindən iki ölkə arasında sərhədin qeyri-müəyyən olduğunu unutmamalıdır. Belə bir şəraitdə Ermənistan ərazilərinin hər hansı bir “işğalından” danışmaq sadəcə olaraq absurddur.

Üstəlik, Ermənistan hələ də Azərbaycanın 8 yaşayış məntəqəsini işğal altında saxlayır. Söhbət Azərbaycanın Qazax rayonunun yeddi kəndindən  - Aşağı-Əskipara (14 iyun 1992-ci ildə işğal olunub), Qızılqacılı (11 may 1992-ci il), Xeyrimli (8 mart 1992-ci il), Sofulu (27 aprel 1992), Bağanıs Ayırım (24 mart 1990-cı il) və Naxçıvan Muxtar Respublikası yaxınlığındakı Azərbaycan anklavından - 1990-cı ilin yanvarında ələ keçirilən Kərki kəndindən gedir.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ölkə Konstitusiyasının 1991-ci ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsinə istinad edən preambulasında öz əksini tapıb. Bu sənəddə Azərbaycanın indiki Qarabağ bölgəsi Ermənistan ərazisi elan edilib.

Bundan başqa, Ermənistan uzun illərdir ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin müddəalarının icrasına açıq şəkildə məhəl qoymurdu. Bu səbəbdən də Ermənistanın xarici siyasət idarəsi kimin konkret olaraq ərazi iddiaları irəli sürdüyünə və iki ölkədən hansının beynəlxalq hüquqa açıq sayğısızlıq nümayiş etdirməsi barədə danışmaqdansa, sussa, daha yaxşı olar.

Əgər Ermənistan XİN öz ölkələrinin regionda sülh və sabitlik qurmaq əzmini vurğulayırsa, o zaman ilk növbədə Azərbaycanı günahlandırmaq deyil, özlərindən başlamaq lazımdır.

(AYNA)