Prezidentin mesajları və utopik görünən reallığın yetişməsi
Əliyev Qərbi Azərbaycan hədəfini mümkün perspektivə uyğunlaşdırıb
Əliyevin yerli telekanallara müsahibəsində səsləndirdiyi fikirlər Qərbi Azərbaycana qayıdış hədəfinin rotirikadan ibarət olmadığını deməyə əsas verir, xüsusilə bəyanatlara paralel olaraq atılan addımlar fonunda. Prezidentin çıxışından artıq strategiyanın hazırlandığı nəticəsini çıxara bilərik:
Birincisi, Bakı azərbaycanlıların deportasiyasından sonra Qərbi Azərbaycandakı real vəziyyəti öyrənir: Əliyev bəyan etdi ki, boşaldılan kəndlərdə həyat yoxdur və bu, qayıdış zamanı orada yaşayan ermənilərə də problem yaratmayacaq;
İkincisi, Əliyevin kəndlərlə bağlı real vəziyyəti təqdim etməsi qayıdış istiqamətində praktiki işlərə start verildiyini təsdiq edir: Qərbi Azərbaycan İcması ilə görüş və vahid konsepsiyanın hazırlanması tapşırığı da bu yöndə atılan addımlara daxildir;
Üçüncüsü, Prezident “Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik” deməklə “hədəfimiz utopik deyil” mesajını verir.
Mövcud şərtlərdə Qərbi Azərbaycana qayıdış utopik görünə bilər, hərçənd, XXI əsrin üçüncü onilliyində dəyişən geosiyasi mənzərə mümkün gözləntiləri də yaradır.
a) Regional situasiya: 44 günlük müharibədən sonra yaranmış reallıq Rusiya və İran faktoruna rəğmən, Ermənistanın coğrafi olaraq Azərbaycan ilə Türkiyə arasında sıxılmış vəziyyətə düşməsi perspektivini də ortaya çıxarıb və bu şərtlərdə azərbaycanlıların öz yurdlarına qayıdışının İrəvan qarşısında əsas tələblərdən biri kimi qoyulması imkanları var;
b) Qayıdış strategiyası: Bakı bu məsələdə İrəvana diktə ilə yanaşmır, əməkdaşlıq təklif edir; boş qalmış kəndlərin bərpa edilməsi, Ermənistanın “monodövlət” damğasından yaxa qurtarması və təbii ki, iqtisadi imkanlar. Azərbaycan tarixi torpaqlarına müharibə ilə yox, sülhlə qayıtmaq istəyini elan edir və istisna deyil ki, qayıdış planında Qərbi Azərbaycana invesitisiya qoyuluşu da var, ordunun getmədiyi yerlərə bu yolla daxil olmaq kimi;
c) Dəyişən dünya nizamı: geosiyasi şərtlər yetişməsə, Qərbi Azərbaycan məsələsində regionun siyasi mənzərəsi və qayıdış strategiyasının nəticə verməsi ehtimalı zəifdir, o baxımdan, Əliyevin “Faktiki olaraq, Üçüncü Dünya müharibəsi gedir”, “Rusiya-Ukrayna müharibəsindən sonra yeni dünya nizamının yaradılması artıq labüddür” kimi sözlərinə diqqət etməliyik. Və aydındır ki, Qərbi Azərbaycan planı təkcə regional şərtlərə yox, həm də yeni dünya nizamının qurulması perspektivinə istinadən işlənilib.
XX əsrdə iki dünya müharibəsi siyasi xəritələrin dəyişməsi ilə nəticələndi və XXI əsrin “faktiki Üçüncü Dünya müharibəsi”nin də nəticəsində xəritələrin dəyişməsi perspektivi utopik görünməməlidir. İstisna deyil ki, Əliyev həm də bu gələcəyi nəzərə alaraq, Qərbi Azərbaycan hədəfini mümkün perspektivə uyğunlaşdırıb.
Müəllif: Asif Nərimanlı (siyasi şərhçi)
Mənbə: “Facebook”