İlham Əliyev: “Azərbaycan Brüssel formatını dəstəkləyir”
Azərbaycan Prezidenti ilə Avropa İttifaqı Şurasının Prezidenti arasında görüş olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqada səfərdədir. “Avronews” xəbər verir ki, oktyabrın 6-da İlham Əliyevlə Şarl Mişel arasında görüş olub.
Görüşdə Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması istiqamətində Brüsseldə Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşlərin əhəmiyyəti qeyd olunub. İlham Əliyev Şarl Mişelə vasitəçilik missiyasına görə təşəkkürünü bildirib. Dövlət başçısı Azərbaycanın Brüssel formatını dəstəklədiyini qeyd edib. Şarl Mişel bununla bağlı dövlət başçısına minnətdarlığını bildirib.
Söhbət zamanı gələn ay Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün gündəliyi müzakirə olunub. Görüşdə Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.