Roma Papası Azərbaycan səfirinin etimadnaməsini qəbul edib
Müqəddəs Taxt-Tacın dövlət katibi Azərbaycana səfər edəcək
Yanvarın 14-də Vatikanda Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarovun etimadnaməsini qəbul edib.
“Avronews” xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
İ.Muxtarov Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə də görüşüb. Görüş zamanı Parolinin Azərbaycana səfər edəcəyi açıqlanıb.
Görüşdə Azərbaycanla Vatikan arasında yüksək səviyyəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, bu münasibətlərin sivilizasiyalar və dinlərarası dialoq, eləcə də dünyada tolerantlığın təşviqi baxımından əhəmiyyəti vurğulanıb.
Müqəddəs Taxt-Tacın dövlət katibi səfirdən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya salamlarını çatdırmağı xahiş edib, bu il ölkəmizə səfər edəcəyini bildirib.