Rusiya XİN-dən Paşinyana cavab: “Hərbçilərimiz ölkənizi qoruyurlar”

Rusiya XİN-dən Paşinyana cavab: “Hərbçilərimiz ölkənizi qoruyurlar”

Zaxarova: “Ermənistan Müdafiə Nazirliyi KTMT-nin Qazaxıstanda keçirilən təlimlərində iştirak etmək üçün kontingent ayırmamışdı”

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistanın Baş naziri Nikol Paşinyanın rus qoşunlarının mövcudluğunun ölkəsi üçün təhlükə olması barədə açıqlamasına münasibət bildirib.

“Rusiya hərbçiləri on illərdir Ermənistanın təhlükəsizliyinə əhəmiyyətli töhfə verir, onun sərhədlərini qoruyur. Bu obyektiv reallığı inkar etmək mümkün deyil”, - deyə XİN təmsilçisi söyləyib.

Zaxarova İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) münasibətinə də toxunub: “Ötən il Ermənistan Müdafiə Nazirliyi KTMT-nin Qazaxıstanda keçirilən təlimlərində iştirak etmək üçün kontingent ayırmamışdı. Bu, təşkilatdakı müttəfiqləri razılaşdırılmış planları yenidən cızmağa məcbur edir və çətinliklər yaradır. Amma KTMT çərçivəsində işlər davam edir, məsələ öz həllini tapacaq”.