Ərdoğanın İmamoğlu planı
Bəzən avtoritar hakimiyyətlər bilərəkdən özünə ən sərf edənə təzyiq edir
AKP və Ərdoğan İmamoğlunu niyə əsas namizəd etmək istəyir - əsl sual budur. AKP anlayır ki, İmamoğluna qarşı istənilən təqib, həbs qərarı onu daha da populyarlaşdırır, əslində tarixi təkrarlayırlar - Ərdoğan da İstanbul meri idi, onu da şeir oxuduğuna görə həbs etdilər, siyasi karyerası yüksəldi, əvvəl Baş nazir, sonra da hakimi-mütləq Prezident oldu. Yaxşı, bütün bunları bilə-bilə nədən Əkrəm bəyə eyni yolu açırlar - bir daha əsas sual budur.
Məncə, məsələ belədir: Bu qərarın təsdiqi azı 1-1,5 il çəkəcək, yəni 6 aydan sonra baş tutacaq seçkilərə qədər Əkrəm bəy nə həbs olunacaq, nə də siyasi fəaliyyətinə qadağa gələcək, bu qərar dərhal Əkrəm bəyi 1 N-li namizəd edir, Akşener də məhz onun namizəd olmasını istəyir.
Amma bütün araşdırmalar göstərir ki, Ankara meri Mensur Yavaşın reytinqi daha yüksəkdir, mühafizəkar-sağ-millətçi siyasi qanaddan gəlir, AKP seçicisindən ən çox o, səs qopara bilər. Deməli Ərdoğan və onun PR komandası Yavaşdansa İmamoğlunun namizəd olmasını özləri üçün daha uyğun sayır. Həm müxalifətin birləşdiyi "6-lar masasında" da İmamoğludan çox Yavaşı istəyənlər üstünlük təşkil edir, yəni, Əkrəm bəy namizəd olsa, birlik dağıla bilər ki, bu da AKP üçün yaxşıdır.
Uzun sözün qısası, bəzən avtoritar hakimiyyətlər bilərəkdən özünə ən sərf edənə təzyiq edir ki, onu önə çəksin – bu, həmişə belə olmur, amma ara-sıra işlədilən fənddir. Ümid edirəm ki, qardaş Türkiyə üçün xeyirli-uğurlu seçkilər olacaq və yaxşı işlər Yavaş görüləcək...
Müəllif: Natiq Cəfərli (ReAL Partyası Siyasi Komitəsinin üzvü, iqtisadçı ekspert)
Mənbə: “Facebook”