Demokratiya, yoxsa avtokratiya?
Demokratik sistem xüsusi siyasi situasiyalarda dəyişimə məruz qala bilər
Çörçil deyirdi ki, “demokratiya ona görə yaxşı deyil ki, o, idealdır. Demokratiya ona görə yaxşıdır ki, ondan daha yaxşısını bəşəriyyət hələ tapa bilməyib”.
Ümumən, demokratiya və avtoritar liderlik məsələləri geniş məfhumdur. Bunların özəlliklərini dərk etmək üçün siyasətin fəlsəfəsinə, tarixinə və texnologiyalarına nəzər yetirmək gərəklidir. Yoxsa sadə baxışla çətindir.
Bəzi dostlar yanlış anlamasın deyə, daha açıq bir izah edim ki, əlbəttə, demokratik sistem avtoritarlıqdan yaxşı olub. Bunu yaxın tarix göstərir. Məsələ bu deyil. Əsas məntiq budur ki, demokratiya özü avtoritarlığa ehtiyac duyur. Ya da situasiyalardan asılı olaraq sistemi sakitcə hansısa güclü personaja təhvil verir.
Tarixdə sistemli demokratiya və respublika təsisatlarından istifadə edən antik yunanlar və romalılar olub. Ancaq elə bu da nümunədir ki, İsgəndər və Sezar kimi avtoritar idarəedicilər ordan çıxıb.
Demokratik sistem xüsusi siyasi situasiyalarda dəyişimə məruz qala bilər. Bunun da fərqli formaları mövcud ola bilər. Məsələn, ingilislər Çörçili müharibə zərurətindən gətirdilər. Situasiya Çörçili tək rəhbər, diktator etmişdi Britaniyada. Amma sonra sistem özü onu dəyişdirdi.
Digər örnək Hitlerdir ki, alman sosial-demokratları onun qabağına qırmızı xalça sürdü, ancaq son olaraq Hitler özü sistemi tam avtokratlaşdırdı.
Cəmiyyətin demokratik adlandırılan idarəçiliklə inkişafa qədəm qoymasının bariz nümunəsi bugünün bir çox Qərb dövlətləridir. Dünyada nə sistemlər qurulsa, əvvəl-axır əksəriyyətin sonda istədiyi demokratiyadır. Çünki insan azadlığı çox sevir. Hətta mənfi azadlıqlar olsa belə, insan ona yönlənir, ondan həzz alır. Amma demokratiya problemə düşdükdə öz yerini sərt və tək qərarverici funksiyaya malik avtokratlara ötürür.
Müəllif: Ramil Həsənov (araşdırmaçı)
Mənbə: “Facebook”