Qərb məntiqsizliyinin məntiqi nəticələri
Rusiya Ermənistanı muxtar respublika kimi öz ərazisinə qatmağa qərar versə, nə ABŞ, nə də Avrpa İttifaqı bunun qarşısını ala biləcək
Qərbin son illərdə apardığı sitasət fiaskodur – CIVID-lə bağlı qərarlar bərbad idi, demokratiya və insan haqlarını ayaqlar altına alan addımlar atıldı, iqtisadiyyat dünya üzrə çökdürüldü, Rusiyanın vaxtında ağzından vurulmaması və masada onunla anlaşma bacarığının olmaması Ukrayna faciəsinə səbəb oldu. Bütün addımları ilə Qərb Rusiya və Çini - iki faktiki düşmən və rəqibini, iki avtoritorizm mərkəzini tarixdə görünməyən yaxınlığa sövq etdi, Çinin güclənməsinə, Rusiyanın isə aqressivləşməsinə səbəb oldu.
İndi yenə səhvlər ard-ardına düzülür: Macarıstanda seçki yolu ilə xalqın ehtimadını qazanan hökumətə anti-demokratik deyib Orbanı Avropa İttifaqından (Aİ) çıxmağa sövq edir, bununla da Rusiyanın əlini gücləndirir, Polşanı Almaniyanı cəzalandırmaq üçün qızışdırıb 1,5 trilyon dollarlıq təzminat istətməklə Aİ-nin təməllərini dağıdır (Britaniya Aİ-dən çıxmaqla zatən təməlləri sarsıtmışdı).
İndi də de-fakto və de-yure tam Rusiyadan asılı, KTMT və Gömrük İttifaqının üzvü, 70% iqtisadiyyatı Moskvadan asılı, dəmir yolları, qaz təminatı, elektrik enerji təminatı tam Kremlin əlində olan, ərazisində 2 böyük Rusiya hərbi bazası saxlayan Ermənistanı, guya, Rusiyadan ayırmaq istəyi ilə, təbii və iqtisadi müttəfiqi olan Türkiyə və Azərbaycanı incik salır - yəni, son illər Qərbin hər etdiyi məntiqsizlikdır.
Qərbin Ermənistanla bağlı son addımları elə Ermənistan dövləti üçün böyük risk və təhdiddir - əgər Rusiya Ermənistanı öz ərazisinə qatıb muxtar respublika kimi elan etsə nə ABŞ, nə Aİ bunun qarşısını ala biləcək, bu təhlükəli gedişin qarşısını yenə elə Türkiyə və Azərbaycan ala bilər.
O qədər məntiqsizdirlər ki, hətta coğrafiyanı belə, anlaya bilmirlər. Yaxşı, tutalım, Ermənistanı Rusiyanın altından çıxartdız, bəs, Qərbə yolu hardan keçir?! Bölgənin Qərbə yeganə qapısı Türkiyə deyil?! Ermənistan hardan Qərbə girəcək, Qərbdən dəstək alacaq?! İrandan, Tehran vasitəsi ilə?! Bəs İran düşməniniz deyildi, nə dəyişib ki?!
Qərb anlamalıdır ki, bölgənin Avropaya inteqrasiyasının tək yolu Türkiyədən keçir, Türkiyəsiz Rusiya bölgəmizi udub həzm edəcək. Əgər gizli anlaşma ilə bölgəni Rusiyaya vermək istəyirlərsə, bu, ayrı məsələ - o zaman Azərbaycan və Türkiyənin sıx ittifaq, hətta konfederasiya qurması qaçılmaz olacaq, əgər hər kəs ayrıca xilas olmaq yolu seçməyə məcburdursa, bizim yolumuz bəllidir - Türkiyə ilə çox sıx inteqrasiya, Bakıdan Ankaraya qədər heç bir üçüncü olkənin sərhədçisinin sənədlərimizi yoxlamadığı avtomobil və dəmir yolu - vəssalam...
Müəllif: Natiq Cəfərli (ReAL Siyasi Komitəsinin üzvü, iqtisadçı ekspert)
Mənbə: "Facebook"