London nədən ehtiyat edir?
“Bu, Rusiya-Ukrayna müharibəsindən daha təsirli olacaq”
Böyük Britaniyanın Avropa İttifaqından ayrılmasından sonra bu ölkənin qazancları və itkiləri mübahisə predmetidir. Bir qisim iqtisadçı ekspertin fikrincə, “brexit” (Avropa İttifaqından ayrılma) Böyük Britaniyanın xeyrinə oldu, digərləri bunun əksini düşünür və bu zaman rəqəmlərə müraciət edirlər.
Böyük Britaniya müxtəlif qitələrdəki müharibələrdən əziyyət çəkir. Müharibələr həm Böyük Britaniyaya qaçqın axını, həm də qiymətlərin artımı deməkdir. Bu səbəbdən London Tayvan ətrafındakı gərgin vəziyyətdən narahatdır. Londonda ehtimal edirlər ki, Çinin Tayvana qarşı mümkün müharibəsi Böyük Britaniya iqtisadiyyatı üçün dağıdıcı nəticələrə səbəb olacaq. “Tayms” qəzetində yayımlanan məqalədə mümkün müharibənin Böyük Britanyaya vuracağı zərərin böyük olacağı yazılıb.
Britaniya rəsmilərinin fikrincə, Tayvanla bağlı müharibə Çindən idxal edilən məhsulların çeşidini azaldacaq və bu ticarət əlaqələrini pozacaq. Ona görə də Böyük Britaniya hökuməti yerli biznesmenləri xəbərdar edib: “Ticarət əlaqələrində seçdiyiniz ölkələrə diqqət yetirin, tibbi məhsuların və yarımkeçiciçilərin hardan alınması vacibdir”.
Problem ondadır ki, Pekin Tayvana qarşı müharibəyə başlasa, Böyük Britaniya Çinə qarşı sərt sanksiyalar tətbiq etmək məcburiyətində qalacaq. Bu isə iki ölkə arasındakı ticarət əlaqələrinə mənfi təsir edəcək. Böyük Britaniyada müxtəlif məhsulların qıtlığı yaranacaq. Böyük Britaniya 2021-ci ildə Çindən təxminən 80 milyard dollar civarında məhsul idxal edib. Bu, Böyük Britaniyaya idxal edilən məhsulların 13 faizidir. Buna görə də Böyük Britaniya parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri Alişa Kersin sözlərinə görə, Çinə qarşı sanksiyalar Böyük Britaniyadakı hər ailənin həyatına mənfi təsir edəcək. Onun fikrincə, bu, Rusiya-Ukrayna müharibəsinin nəticəsindən daha təsirli olacaq.
Müəllif: “Atlas” Araşdırmalar Mərkəzi
Mənbə: “Facebook”