Paşinyanın iddiası və separatçılardan növbəti təxribat gözləntisi
İrəvan beynəlxalq diqqəti Qarabağda “humanitar fəlakətə” yönəltməyə çalışır
Paşinyan “Azərbaycanın hərbi əməliyyatlar hazırladığını, bunu həm də Qarabağda planlaşdırdığını iddia etmək üçün ilkin şərtlər var” iddiasını irəli sürüb. Və bununla Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Rusiya Azərbaycanı yeni əməliyyata sövq edir” iddiasını bir qədər yumşaq formada davam etdirib.
Son proseslər fonunda İrəvanın siyasətində bir xətt aydın sezilir: anti-Rusiya siyasətini açıq müstəviyə keçirir; Qərbə yönələn siyasi oriyentasiyasını inkişaf etdirir; Bakını Moskva ilə eyni səbətə qoymaqla Azərbaycan-Ermənistan münasibətlərində Qərbin İrəvandan yana siyasətini təmin etməyə çalışır.
Nikolun “Azərbaycan əməliyyata hazırlaşır” iddiası da Laçın yolunda baş verənlər fonunda beynəlxalq diqqəti Qarabağda “humanitar” fəlakətə yönəltməyə hesablanıb.
Lakin bu, həm də prosesin inkişaf istiqamətini də müəyyən edir: Ermənistan Qarabağda “humanitar fəlakət” iddiasını BMT Təhlükəsizlik Şurasının iclasında müzakirəyə çıxara bilsə də, praktiki nəticə əldə edə bilmədilər. Prezident İlham Əliyev Ermənistan və dəstəkçilərinin növbəti cəhdə hazırlaşdığını bildirib, TŞ-də yenidən müzakirələrin keçiriləcəyi gözlənilir.
Hərçənd, Moskvanın sülhməramlılarını yerləşdirdiyi bölgəyə müdaxiləyə veto hüququnu qoymaq, eləcə də Bakının razılığının vacibliyi amili növbəti cəhdin də praktiki nəticəsinin olacağı ehtimalını azaldır. Bu situasiya fonunda Qarabağda mümkün müharibənin başlanması Ermənistana (həm də Fransanın timsalında dəstəkçilərinə) imkan verəcək ki:
- Azərbaycan “Qarabağda erməni xalqına qarşı soyqırımı” törədir iddiasını irəli sürsün;
- Rusiyanın Qarabağda təhlükəsizliyi təmin edə bilmədiyini desin;
- BMT missiyasının bölgəyə göndərilməsi zərurətini əsaslandırsın.
Bu baxımdan, Qarabağdakı silahlı ermənilərin ciddi təxribatlar törədə biləcəyi istisna deyil.
Müəllif: Asif Nərimanlı (siyasi şərhçi)
Mənbə: “Facebook”