ABŞ Dövlət Departamenti Azərbaycana başsağlığı verib
Görüşdə ölkələr arasında enerji sahəsində uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsi Laura Loxmanı qəbul edib. “Avronews” dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir ki, xanım Laura Loxman Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasının əhəmiyyətini vurğulayıb və Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropa ölkələrinin enerji təminatına əsaslı töhfələr verdiyini qeyd edib.
Qonaq Cənub Qaz Dəhlizinin yaratdığı təməllər əsasında bərpaolunan enerji, o cümlədən yaşıl hidrogen sahəsində yeni əməkdaşlıq perspektivlərinin meydana çıxdığını qeyd etdi və bu layihələrin həyata keçirilməsində ölkəmizin vacib rol oynadığını bildirib.
O, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması münasibətilə təbriklərini çatdırıb.
Görüşdə ABŞ-ın Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə göstərdiyi davamlı dəstək yüksək qiymətləndirilib və ABŞ-la Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Söhbət zamanı nümayəndə heyəti ölkəmizin Tehrandakı səfirliyinə qarşı törədilmiş terror hadisəsi nəticəsində Azərbaycan vətəndaşının həlak olması ilə əlaqədar ABŞ-ın başsağlığını ifadə edib.