Azərbaycan XİN: BƏM mina təhdidi məsələsinə ayrıca baxacaq
Ermənistanın mina istehsal etmədiyi və basdırmadığı barədə beynəlxalq təşkilatlara açıqladığı hesabatlar yalan üzərində qurulub
“Ermənistan Baş nazirinin minalarla bağlı Məhkəmə qərarını təhrif edən açıqlaması isə göstərir ki, Ermənistan tərəfi bu məsələdə yenə də öhdəliyi öz üzərindən atır. Halbuki, Məhkəmədə dinləmələr bir daha göstərib ki, Ermənistanın mina istehsal etmədiyi və basdırmadığı barədə beynəlxalq təşkilatlara açıqladığı hesabatlar yalan üzərində qurulub”.
“Avronews” xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistanın Baş naziri Nikol Paşinyanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı bəyanatına dair şərhində yer alır.
“Qərardan göründüyü kimi, Ermənistan tərəfindən minaların yerləşdirilməsinin müvəqqəti tədbirlərin tətbiq dairəsinə uyğun olmamasına dair əvvəl gəldiyi nəticəyə yenidən baxılmaması mahiyyət üzrə qərar deyil. Məhkəmənin bu qərarı Ermənistanın Azərbaycan ərazilərində minalar və mina tələləri yerləşdirilməsi, Laçın yolundan sui-istifadə edərək Azərbaycan ərazilərinə 2021-ci il istehsalı minaların daşınması, və minalanmış ərazilər barədə həqiqi xəritələrin təqdim edilməməsi kimi öhdəliklərin pozuntularından azad etmir. Ümumilikdə qeyd edək ki, Məhkəmə tərəfindən mina təhdidi məsələsinə mahiyyəti üzrə ayrıca baxılacaq”, - deyə XİN bəyan edir.