YAP da, “müxalifət” də seçkini gözdən salmaqla məşğuldur
Bizim seçkiyə çağırışlarımız hakimiyyətin oynunu pozmağa yönəlikdir, amma hakimiyyət susur, 30 il müxalifət təyin etdikləri danışırlar
Azərbaycan hakimiyyəti, YAP sovetlərin, Kommunist Partiyasının təbii uzantısıdır. Siyasətə, siyasi fəaliyyətə, partiyalara baxışı məhz keçmiş yoldan asılılığa bağlıdır.
Siyasi partiyanın iki əsas funksiyası var – ideoloji çevrə quruculuğu (formal üzvlük yox ha, məhz tərəfdaş və seçici toplamaq) və seçkilərdə iştirak: Azərbaycan hakimiyyətində və onların 30 illik müxalifət kimi cəmiyyətə sırıdıqlarında nə ideoloji sütunlar, tezislər, nə də seçki institutuna hörmət var - hər iki tərəf seçkini gözdən, nüfuzdan salmaqla məşğuldur.
Seçkilərdə iki dəfə ard-arda iştirakdan imtina, boykot nə deməkdir? İndiki seçki alqoritimində bu, 10-14 il arası (iki dəfə parlament/bələdiyyə - 10 il, iki dəfə də prezident -14 il) seçki sürəcindən kənarda qalmaqdır.
Yaxşı, partiya 10-14 il seçkilərdə iştirak etmirsə, nə ilə məşğul olacaq? Pambıq yığacaq, ya gavalı toplayacaq?! Məhz buna görə də ard-arda (bir daha: iki dəfə ard-arda, yəni, siyasi partiya 1 seçkini boykot etməklə siyasi münasibətini ortaya qoya bilər) iki ölkəmiqyaslı seçkidə iştirakdan imtina edirsə, bu, partiyanı mənasız quruma çevirir.
Hakimiyyətin ən böyük boykotçu, seçki düşməni, iştirakçılığın qarşısını kəsən qüvvə olduğunu nəzərə alsaq, boykot taktikası faktiki olaraq hakimiyyətin əlinə su tökmək, çörəyinə yağ sürtməkdir. Bizim iştirakçılığı təşviq etməyimiz, seçkiyə çağırışlarımız hakimiyyətin oynunu pozmağa yönəlikdir, amma görürsən ki, onlar susur, 30 illik orbitdə saxladıqları, müxalifət təyin etdikləri danışırlar.
Hakimiyyətin siyasi-ideoloji bazası sıfırdır, YAP-ın bu mənada heç 100 üzvü də yoxdur, çünki üzvlük ideoloji bağlılıq deməkdir. Yaxşı, YAP-ın ideologiyası nədir ki, bağlılıq da yaratsın? YAP ideoloji kimlik olaraq harda durub: sağdır, soldur, yaşıldır, göydür, sosial-demokratdır, ya sağ-mərkəzdir – bunlar bilinmir, çünki elə bir gündəlikləri, ideoloji siyasət yürütməyə bilik və bacarıqları yoxdur!
Ona görə də siyasi partiyalara müəssisə, QSC, MMC, publik hüquqi şəxs kimi baxırlar – təklif etdikləri zay, mürtəce qanun layihəsi də bu kafanın, bu baxışın məhsuludur...
Müəllif: ReAL Partiyası Siyasi Komitəsinin üzvü Natiq Cəfərli
Mənbə: “Facebook”