Deputat: “Qarabağa gələn yolda sərhəd və gömrük məntəqəmiz qurulmalıdır”
“Ermənilər 10 noyabr 2020-ci il sənədini qəbul etmirlərsə, deməli müharibənin bitdiyini qəbul etmirlər” – Sabir Rüstəmxanlı
“Azərbaycan cəmiyyətinin bu gün diqqəti Şuşa-Xankəndi yolunun qovşağında olan aksiyadadır. Xalq bunun nə ilə nəticələnəcəyini gözləyir”.
“Avronews” xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlı səsləndirib.
Onun sözlərinə görə, iki ildir, Rusiya sülhməramlıları gecə-gündüz ermənilərlə təmasdadır: “Bizim əhalimiz ora yerləşmədiyi üçün Rusiya sülhməramlıları bizim əhalinin nə istədiyini bilmir. İndi isə bizim xalqın da nə istədiyini, iradəsini görürlər. Bir neçə gündür ermənilər buna soyqırımı və s. kimi adlar yapışdırmağa çalışırlar. Amma necə olur ki, 30 ildir Naxçıvan Azərbaycandan aralıdır, biz bunu humanitar fəlakət kimi təqdim etmirik, amma 2 günə ermənilər yolun bağlanmasını fəlakət kimi təqdim edirlər?!”.
“Təcili Azərbaycan tələb etməli və buna nail olmalıdır ki, sərhədlərimizdə, Qarabağa gələn yolun üstündə bizim sərhəd və gömrük məntəqəmiz qurulsun. Bizim oradakı ərazilərimizdə nəzarəti gücləndirməliyik: Ermənilər 2020-ci il 10 noyabr sənədini qəbul etmirlərsə, deməli müharibənin bitdiyini qəbul etmirlər”, - deyə deputat vurğulayıb.