“Fransa Cənubi Qafqazda gərginlik yaratmağa çalışır”
Deputat: “Görünür, Fransa beynəlxalq birliyin bölüşdüyü ümumbəşəri dəyərləri artıq qəbul etmir”
“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçı rejimin nümayəndəsinin təmtəraqla qarşılanması, Azərbaycan ekofəallarının Laçın yolunda etiraz aksiyası ilə bağlı Fransa Xarici İşlər Nazirliyinin qeyri-obyektiv bəyanatı Fransanın separatizmə açıq dəstək verdiyinin göstəricisidir”.
“Avronews” xəbər verir ki, bu fikri Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov səsləndirib.
Bildirib ki, Fransa Parlamentində təmsil olunan şəxslərin başqa bir ölkənin ərazi bütövlüyünə, müstəqilliyinə açıq hörmətsizlik ifadə edən mövqeyi ilk növbədə Fransa hökuməti tərəfindən qınanmalıdır: “Təəssüf ki, Fransa hökumətinin adekvat reaksiyası müşahidə olunmayıb. Bu, Fransanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə töhfə vermək niyyətində olmadığını sübut edir. Əksinə, Fransa Cənubi Qafqazda gərginlik mühiti yaratmaq, regionda sülhün təmin olunması istiqamətində təşəbbüslərə mane olmaq üçün bütün alətlərdən istifadə etməyə çalışır”.
“Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu ölkəmizin mövqeyini çatdırmaq üçün Milli Assambleyada yeni formalaşmış dostluq qrupu ilə əlaqələri zəruri sayır və bu istiqamətdə müvafiq addımlar atacaq. Çünki Fransa hökuməti və parlamentinin mövqeyi tamamilə qəbuledilməzdir. Görünür, Fransa beynəlxalq birliyin bölüşdüyü ümumbəşəri dəyərləri artıq qəbul etmir. Hesab edirəm ki, bu, münasibətlərdə dərin çatlar yaradır”, - deyə deputat vurğulayıb.