Azərbaycan - Ermənistan liderlərinin görüşü barədə: “Biz razılaşdırdıq ki…”
“Razılığa gəlinib ki, sərhədlərin delimitasiyası üzrə komissiyalarının növbəti iclası noyabrda Brüsseldə keçirilsin” - MİŞEL
Belçika Krallığının paytaxtı Brüsseldə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə görüşü keçirilib. “Avronews” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Görüşdən sonra Aİ Şurası Prezidenti Şarl Mişel bəyanat yayıb. Bəyanatda deyilir:
“Bu gün biz Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş əldə etmək üçün əsaslı işi gücləndirmək barədə razılığa gəldik və xarici işlər nazirlərini mətn layihələri üzərində işləmək üçün bir ay ərzində görüşmək barədə təlimatlandırdıq. Biz humanitar məsələlər, o cümlədən minalardan təmizlənmə, saxlanılanlar və itkin düşənlərin taleyi ilə bağlı ətraflı müzakirə apardıq.
Sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə təminatında irəliləyiş barədə bütün məqamlar nəzərdən keçirilib. Razılığa gəlinib ki, sərhədlərin delimitasiyası üzrə komissiyalarının növbəti iclası noyabrda Brüsseldə keçirilsin.
Biz nəqliyyat əlaqələrinin blokdan çıxarılması üsulları ilə bağlı müzakirələrin proqresini nəzərdən keçirdik. Bütün bu müzakirələrlə yanaşı vurğulamaq istərdim ki, hər iki tərəfin xalqların əlaqəsi və onları uzunmüddətli davamlı sülhə hazırlamaq vacibdir.
İctimai mesajlar bu baxımdan vacibdir - belə həssas bir vəziyyətdə ictimaiyyətdə deyilən hər bir söz açıq şəkildə qarşı tərəf tərəfindən dinlənilir və diqqətə alınır. Aİ uzunmüddətli davamlı sülhə doğru dəstəyini daha da gücləndirməyə hazırdır. Aİ həm də hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək. Biz noyabrın sonuna qədər bu formatda yenidən görüşməyə razılaşdıq”.