Yeni siyasi təzyiq vasitəsi - “Zəngəzur Respublikası”
Siyasəti bəsitləşdirməyə çalışan hökumətin əlinə niyə oynayaq ki?!
Ermənistan rəsmiləri və qondarma qurumun “rəhbəri” Arayik son 48 saatda özlərinə əl qatıblar – hər yerdə qondarma qurumun de-yure tanınması kampaniyası aparırlar. Ermənistan anlayır ki, özü qondarma qurumu de-yure tanıya bilməz, çünki bu, Azərbaycan üçün hüquqi olaraq “casus belli”-dir, beynəlxalq hüquqa görə müharibə elanına səbəbdir. Ona görə də, Ermənistanın məqsədi qondarma qurumu bir neçə kiçik, bir böyük dövlətin tanımasına nail olmaqdır.
Əvvəl bu oyunu Rusiya ilə qurmağa çalışdılar, Rusiyanın axmaqcasına Ukraynaya hücumu və düşdüyü durum bu plana mane oldu, Rusiyanı Türkiyədən asılı vəziyyətə saldı, buna görə də, Ermənistanın Rusiya vasitəsi ilə Moskvanın Ukraynanın şərqində etdiyi eyni ssenarini təkrar etmək istəyini boşa çıxartdı. Rusiya Ukraynaya hücum edən kimi MDB məkanında bu təcavüzü ən çox dəstəkləyən Ermənistan oldu, hətta Xankəndidə “Z” yürüşləri belə, keçirdilər. Amma Ukrayna ordusunun dirənişi Ermənistanın planlarını da puça çıxartdı, onların valı dəyişməsinə səbəb oldu.
Ermənistana kənardan ciddi təsirləri olan çevrələr (lobbi qrupları) və İrəvanın bəzi siyasi çevrələri indi də Qərb vasitəsi ilə “Artsax”a müstəqillik kampaniyasına start verməyə çalışırlar. Bu da boş xəyaldır – bu gün Azərbaycanın və Türkiyənin regionda oynadığı və Rusiyanın zəifləməsindən sonra oynayacağı rol Qərb üçün də vazkeçilməzdir.
İndi gələk bizim hökumətə: Bu hökumətin cəmiyyətdə nüfuzu o qədər aşağı, PR komandaları o qədər bacarıqsızdır ki, atılan addımların alqoritmini belə, izah edə, cəmiyyətdə hörmət qazana bilmirlər. Bunların PR işinə baxan qruplarından biri Şəhid qardaşına üzr videosu çəkdirəcək qədər mənasızdır.
Yaxşı, hökuməti anladıq, bacarıqsız olduğunu bilirik, bəs bizim ictimai aktiv insanlara nə gəlib ki, ciddi mövzu açmaqdan, ciddi müzakirələrin “trigger”-i olmaqdansa, hər şeyi mırta çevirirlər?! Bizim təşkilat yaranan gündən siyasi diskursu elmi-politoloji, hətta siyasi-futuristik məcraya yönəltməyə çalışdıqca, hökumət bilərəkdən siyasi diskursu bəsitləşdirirdi, amma nə qəribədir ki, məntiqlə buna qarşı olmalı olanlar da hökumətin əlinə oynayaraq müzakirələri bayağılaşdırırlar.
İndi də “Zəngəzur Respublikası” adlı yeni siyasi təzyiq vasitəsi məsələsi çıxdı – yenə hökumətin ictimaiyyətin yanında hörməti olmadığına görə bunu anlada bilmir, bir ağıllı adamları da yoxdur ki, çıxıb vəziyyəti izah etməyə çalışsın. Bu qurum niyə Bakıda yox, Türkiyədə elan edildi?! Yəni, rəsmi Bakı bu məsələdə yoxdur, söhbətin arxasında Türkiyə var.
Yaxşı, niyə məhz indi bu məsələ ortalığa atıldı?! Çünki, yuxarıda qeyd etdiyim kimi, Ermənistan və bəzi çevrələr “Artsax”ın tanınması məsələsini aktuallaşdırmağa çalışırlar. Bu addımın tərcüməsi nədir?! Siz qondarma qurumun Azərbaycanın tərkibindən kənarda hansısa statusu ilə bağlı məsələni qabartdıqca, biz də Zəngəzur məsələsini aktuallaşdıracağıq. Demirəm ki, bu işin ciddi siyasi perspektivi var, amma təzyiq vasitələrindən biri kimi əldə tutulmalı məsələ ola bilər.
Bunu izah etmək, ciddi müzakirə açmaq əvəzinə hər şeyi mırta çevirməyin kimə və nə xeyri olacaq?! Cəmiyyəti maarifləndirirmi?! Yox! Hökumətin tənqidinə xidmət edirmi?! Yox! Bəs, o zaman bütün siyasi diskursu plintusdan da aşağı səviyyəyə çəkməyə çalışan, siyasəti bəsitləşdirməyə çalışan hökumətin əlinə niyə oynayaq ki?!
Bu hakimiyyətin ən zəif nöqtəsi ciddi danışmağı, ciddi siyasi mövzular açmağı bacarmamasıdır, çünki hekayələri zəif, arqumentləri içiboşdur. Deməli, onları daim ciddi diskursa çəkmək lazımdır ki, hər dəfə sinifdə qalsınlar, bunu unutmayaq, siyasəti bəsitləşdirməkdən udan ancaq indiki sistemdir...
P.S. Aşağıdakı fotoda dünən Ermənistanın ən çox oxunan xəbər saytlarından birinin ard-ardına verdiyi başlıqlara baxın: