“Enerji diplomatiyamızın qarşısında yeni vəzifə və tapşırıqlar var” – PREZİDENT

“Enerji diplomatiyamızın qarşısında yeni vəzifə və tapşırıqlar var” –

İlham Əliyev: “Azərbaycanın Xəzər dənizinin ölkəmizə aid sektorunda, eləcə də quruda böyük həcmdə bərpaolunan enerji potensialına malikdir”

Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında iştirakına görə ABŞ nümayəndə heyətinə təşəkkürünü bildirib.

“Avronews” dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir ki, Əliyev fevralın 2-də ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxmanı qəbul edib. Ölkə rəhbəri ötənilki toplantıda qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi baxımından yaxşı nəticələrin əldə olunduğunu qeyd edib.

Azərbaycan Prezidenti hazırda enerji diplomatiyamız qarşısında yeni vəzifə və tapşırıqların müəyyən edildiyini diqqətə çatdıraraq, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında səmərəli müzakirələrin aparılacağına əminliyini ifadə edib.

İlham Əliyev Cənub Qaz Dəhlizinin qoyduğu bünövrənin bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığını vurğulayıb. Azərbaycanın Xəzər dənizinin ölkəmizə aid sektorunda, eləcə də işğaldan azad edilmiş ərazilər daxil olmaqla quruda böyük həcmdə bərpaolunan enerji potensialına malik olduğunu qeyd edən Prezident İlham Əliyev bu xüsusda Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının və “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Saziş”in icrası üzrə Rəhbər Komitənin ilk iclasının da keçirilməsinin əhəmiyyətini qeyd edib, hər iki tədbirin bir-birini tamamladığını vurğulayıb.