Qlobal həyəcan təbili: ilin sonunadək bahalaşma və kasıblaşma dərinləşəcək
Növbəti illərdə inflyasiya səviyyəsi yüksək olaraq qalacaq: 2023-cü ildə bu rəqəm 7,5 faiz, 2026-cı ildə 5,0 faiz ola bilər
129 ölkədən 1687 iqtisadçı arasında keçirilən sorğunun ümumi nəticəsinə görə, 2022-ci ilin sonunda qlobal inflyasiya 9,5%-ə çata bilər. Xüsusilə Şərqi Afrikada yüksək inflyasiya (demək olar ki, 60%) gözlənilir.
Bütün dünya üzrə iqtisadçılar yaxın illərdə qlobal inflyasiyanın çox yüksək səviyyədə olacağını gözləyirlər. 2022-ci ilin sonuna qədər dünyada mal və xidmətlərin qiymətləri 9,5 faiz arta bilər.
“Ifo” Münhen İqtisadi Tədqiqatlar İnstitutu və Lüzerndəki İsveçrə İqtisadi Siyasət İnstitutunun rüblük olaraq 100-dən çox ölkəni təmsil edən makroiqtisadçılar arasında keçirdiyi İqtisadi Ekspertlər Sorğusunun nəticəsi belədir.
"İkinci rüblə müqayisədə onların 2022-ci il üçün inflyasiya proqnozları yenidən əhəmiyyətli dərəcədə - 1,8 faiz bəndi artıb", - deyə “Ifo” eksperti Niklas Potrafke araşdırmanın nəticələrini təqdim edərkən bildirib.
Ən yüksək inflyasiya Şərqi Afrika, Qərbi Asiya və Cənubi Amerikada gözlənilir. Belə ki, iqtisadçıların proqnozlaşdırdıqları inflyasiya səviyyəsi Dünya Bankının son 10 ildəki orta qlobal inflyasiya səviyyəsindən 6,7 faiz yüksəkdir.
İqtisadçılar əmindirlər ki, növbəti illərdə inflyasiya səviyyəsi yüksək olaraq qalacaq: 2023-cü ildə bu rəqəm 7,5 faiz, 2026-cı ildə 5,0 faiz ola bilər.
Bu rəqəmlər ayrı-ayrı ölkələr üzrə gözlənilən median orta inflyasiya dərəcələrini, yəni göstəricilər seriyasının ortasındakı dəyəri əks etdirir. Bu üsul gözlənilən inflyasiya dərəcələrində yüksək regional fərqlərə görə tətbiq edilir, yəni bəzi ölkələrdə və regionlarda onların dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə yüksək olacağı gözlənilir.
Xüsusilə Şərqi Afrikada sorğu iştirakçıları bu il təxminən 60 faiz inflyasiya gözləyirlər. Cənubi Amerika və Qərbi Asiyada (hər biri 30 faiz) və Şərqi Avropada (19 faiz) da 2022-ci ildə həddindən artıq yüksək inflyasiya səviyyəsi gözlənilir.
Bu arada Qərbi Avropada bu rəqəm 7,3 faiz, Şimali Amerikada 7,2 faiz, Cənub-Şərqi Asiyada 5,6 faiz ola bilər.
(DW)