“Azərbaycan Avropa bazarının qaz təchizatı coğrafiyasını daha da genişləndirəcək”

“Azərbaycan Avropa bazarının qaz təchizatı coğrafiyasını daha da genişləndirəcək”

İlham Əliyev: “Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsinə, Azərbaycanın isə özünün nəhəng enerji mənbələri üçün etibarlı bazara ehtiyacı var”

“Keçən il Azərbaycanın Avropa bazarlarına təbii qaz ixracı 8,2 milyard kubmetr, bu il isə 11,3 milyard kubmetr olub. Gələn il isə ən azı 11,6 milyard kubmetr qaz ixracı gözlənilir”.

“Avronews” xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasdakı çıxışında deyib.

Gələn il Azərbaycandan təbii qazın ixracının ümumilikdə təxminən 24 milyard kubmetr olacağını vurğulayan dövlətimizin başçısı xatırladıb ki, bu rəqəm 2021-ci ildə 19 milyard kubmetr olub: “Dünən SOCAR və “Romgaz” Azərbaycandan Rumıniyaya qaz tədarükünə dair saziş imzaladı. Gələn il yanvarın 1-dən etibarən Azərbaycan Avropa bazarının qaz təchizatının coğrafiyasını daha da genişləndirəcək”.

“Bu, hər iki tərəf üçün mənfəətlidir. Çünki Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsinə, Azərbaycanın isə özünün nəhəng enerji mənbələri üçün etibarlı bazara ehtiyacı var”, - deyə Əliyev vurğulayıb.