“Brüssel üçün Dağlıq Qarabağ və erməni əsirlərin problemi artıq yoxdur” – AŞOTYAN
Müxalif siyasətçi: “Azərbaycanla Avropa İttifaqı arasında imzalanan sənəddə bir dəfə də “Dağlıq Qarabağ” ifadəsi işlədilmir”
“Nikol Paşinyanın məğlubiyyəti ucbatından rəsmi Brüssel üçün Dağlıq Qarabağ və erməni hərbi əsirlərin problemi artıq yoxdur”. Bu barədə keçmiş Prezident Serj Sarqsyanın başçılıq etdiyi Ermınistan Respublikçılar Partiyasının sədr müavini Armen Aşotyan öz “Facebook” səhifəsindəki canlı yayımda açıqlama verib.
Onun sözlərinə görə, səsləndirdiyi fikirlər bu il iyulun 18-də dərc edilmiş Avropa Komissiyasının Baş katibinin imzaladığı rəsmi sənədə əsaslanır: “Sənəd “Azərbaycanla tərəfdaşlığın həyata keçirilməsinə dair hesabat” adlanır. Yəni, Avropa İttifaqının Azərbaycanla tərəfdaşlıq proqramı var. Bu hesabatda onun Azərbaycanla əlaqələri, qiymətləndirmələri, problemləri və müxtəlif sahələrdə qeydə alınan uğurları ümumiləşdirilib”.
“Təbii ki, Azərbaycanla münasibətlər kontekstində təhlükəsizlik problemlərinə də qiymət verilib. Bu mətn boyu heç olmasa bir dəfə də “Dağlıq Qarabağ” ifadəsi işlədilmir. Ermənistan-Azərbaycan problemlərindən danışan rəsmi Brüssel “Dağlıq Qarabağ” ifadəsindən tamamilə imtina edib və yalnız bir dəfə azərbaycanlıların dözümlə yanaşdığı “Qarabağ” sözündən istifadə edib. Avropa İttifaqının rəsmi cavabına görə, Dağlıq Qarabağ yoxdur və bu, Nikol Paşinyanın xəyanətkar siyasətinin nəticəsidir. Onun üçtərəfli görüş zamanı etdikləri, yəni “Dağlıq Qarabağ” ifadəsini işlətməkdən imtina etməsi - bütün bunlar rəsmi sənədlərdə var”, - deyən Aşotyan əmin olduğunu bildirib ki, nə Ermənistan XİN, nə də Təhlükəsizlik Şurasında bu sənədi oxuyublar.
(news.am)