Cəmiyyət qonşu ölkələrə azarkeşlik edən qruplara bölünüb - Yanlış siyasət
Azərbaycanın qarşısında böyük çağırışlar, təhlükələr, amma həm də tarixi fürsətlər var
İranın və Rusiyanın Azərbaycana qarşı tutduğu, yumşaq desəm, ədalətsiz mövqe, hər iki ölkənin dövlət mediasında ölkəmizə qarşı səsləndirilən fikirlər məmləkətin TV-lərində topa tutulur - aydındır ki, belə açıqlamalara “yaşıl işıq” yandırılıb. Çox güman, münasibətlərin gərginləşməsi davam edəcək, çünki hər iki qonşumuz öz maraqları çərçivəsində regionda qalıcı və ədalətli sülhün bəqrərar olmasını, Azərbaycanla Ermənistan arasında məsələlərin birdəfəlik həllini istəmir - böyük sülh müqaviləsi hər iki ölkənin regiona təsirlərini azaldacaq.
Əgər qarşıdurma və münasibətlərin gərginləşməsi qaçılmazdırsa, ölkə olaraq buna hazırlaşmalıyıq, hətta gecikmişik belə - bir tək quru sərhədlərin bu gərginliyə görə qapalı qalması artıq yetərli deyil. Hər iki qonşunun ölkənin daxilinə müdaxilə etmək üçün kifayət qədər alətləri, təxribatlar törətmək təcrübəsi və resursları var – məhz buna görə illərdir deyirdik, çağırışlar edirdik ki, ölkədə cəmiyyəti “azarkeşlər toplusuna” çevirmək olmaz. İdeoloji siyasəti toplumun qonşu ölkələrə azarkeşlik edən qruplara bölünməsinə səbəb oldu. Ölkə daxilində siyasi azadlıqlar məhdudlaşdıqca, sivil toplumun, siyasi partiyaların fəaliyyətinə ciddi maneələr yaradıldıqca o boşluqları Cənubdan və Şimaldan gələn təsirlər doldurmağa başladı. Şimaldan gələn təsirlər daha çox hakimiyyətin içində olan “5-ci kolon” vasitəsi ilə təhlükələr törədə bilərsə, Cənubdan təsirlər birbaşa bizim vətəndaşlara, onların dünya görüşünə və davranış qaydalarınadır.
Çətin durumdur, Azərbaycanın qarşısında böyük çağırışlar, təhlükələr, amma həm də tarixi fürsətlər var. Məmləkəti təhlükələrdən sığortalamağın ən effektiv yollarından biri də işlək, ideoloji siyasi partiyaların sağlam rəqabəti və dövlət maraqlarının müdafiəsində birgə fəaliyyət platformalarının yaranmasıdır. Ümid edirəm ki, hakimiyyət bunu anlayır və bu gün Milli Məclisdə ilkin müzakirə olunan “Siyasi Partiyalar haqqında” qanun layihəsi bu təhlükələri önləmək məntiqi ilə hazırlanacaq.
Hələ ki, elan olunan ilkin mətn bərbaddır, hətta bu mətni siyasi partiyalar haqqında təsəvvürü belə, olmayan şəxs-şəxslərin yazdığı aydın sezilir – “MMC” qeydiyyatı yanaşması ilə yazılan ilkin mətn qəbuledilməzdir. Siyasi partiyaların qeydiyyatının və fəaliyyətinin əsas meyarı ədalətli seçkilər, təşkilatların siyasi “pasportu” isə ideologiya olmalıdır...
Müəllif: Natiq Cəfərli (ReAL Partiyası Siyasi Komitəsinin üzvü)
Mənbə: “Facebook”