Keşiş Qapon və Motodziro Akasi - Tarixin dərsləri
Yaponiya Rusiya daxilində çaxnaşmalar salmaq, müharibəni uğurla bitirmək üçün külli miqdarda vəsait ayırmışdı
Rusiyanın öz “Qanlı Yanvarı” var. 9 yanvarda bu hadisənin il dönümüdür, amma çox az insan bilir ki, Keşiş Qaponun adı ilə sovet tarixşünaslığında qalan “Qanlı bazar günü” olaylarının əsas təşkilatçılarından biri Yaponiya İmperatorluğunun kəşfiyyatçısı, polkovnik Motodziro Akasi olub.
1904-cü ilin 9 fevral tarixində Rus-Yapon müharibəsi başlamışdı, Yaponiya Rusiya daxilində çaxnaşmalar salmaq, müharibəni uğurla bitirmək üçün Akasi adlı polkovnikə 1 mln. rubl (o zaman üçün çox böyük pul idi) vəsait ayırmışdı. 1902-ci ildən Rusiyaya iş adamı kimi gələn Akasi Rusiya daxilində olan siyasi cərəyanlarla əlaqə qurmağa başladı, əsasən də eserlərlə, bolşeviklərlə, bir də Rusiya İmperiyasının etnik bölgələrində fəaliyyət göstərən siyasi qruplarla əlaqə yaratmışdı.
Keşiş Qapon isə elə Çar gizli polis orqanlarının cəsusu, “poqonlara” işləyən biri idi, etirazçı cameədə nə baş verirdisə, polisə çatdırırdı, amma 9 yanvarda əsasən yapon puluna eserlər tərəfindən təşkil olunacaq təxribatdan xəbərsiz idi. İnsanlar Çarın Qış Sarayına yaxınlaşanda ilk atəşi gizli mövqedə olan eserlər (Sosialist İnqilabçılar Partiyası) açmışdılar, sonra Çar polisi və ordusu da cavab atəşi açanda yüzlərlə insan həlak oldu və bu hadisə Rusiyada Çarizmə ilk böyük zərbə kimi tarixə düşdü, ilk inqilabi hadisələr kimi yadda qaldı.
Yaponiya İmperatorluğu müharibə etdiyi Çar Rusiyasının müxtəlif bölgələrində də rəqibinə zərbə vurmaq üçün pul xərcləyir, şəbəkələr qurur, yerli siyasi-radikal təşkilatlarla iş birliyi yaradırdı. Motodziro Akasinin xatirələrində “Daşnaksutyun” partiyası ilə ciddi əlaqələrdən də söz açılır və 1905-ci ilin fevralında Bakı neft mədənlərində (o zaman Rusiya neftinin tamamına yaxınını Bakı verirdi, dünya neft istehsalının, az qala yarısı Bakıda idi) yanğınlar törətmək, neft istehsalını axsatmaq üçün “erməni-müsəlman” davası, qırğını da salındı. Məhz “Daşnaksutyun” partiyası Yapon pulları və silahları ilə bu vəhşiliyi törədən təşkilat idi. Həm “Qanlı Bazar Günü”, həm də Bakı qırğınları Rusiya İmperiyasını ciddi sarsıtdı, nəticədə 1905-ci ilin sentyabrında Rusiya İmperiyası Yaponiya ilə Tokionun istədikləri şərtlərlə sülh bağlamağa razı oldu.
Onu da deyim ki, 1905-ci ildə Motodziro Akasinin təşkilatçılığı və pulu ilə Rusiya müxalifət nümayəndələrin xaricdə toplantılarını da təşkil edirdi - ən böyük konfrans 2 aprel tarixində İsveçrədə, Cenevrədə baş tutdu. Konfransın təşkilatçısı rəsmi sənədlərdə Rusiyadan qaçmış Keşiş Qapon və An-ski soyadlı eser idilər. Həmin tədbirdə “Sosialist-inqilabçılar Partiyasından” Çernov, “Polşa Sosialist partiyasından” Yodko və Voysixovski, “Daşnaksutyun”dan Safo və Oman adlı şəxslər, “Gürcü sosialis-federalistlər Partiyasından” Qeorgi Dekanozov, “Latış sosial-demokrat İttifaqı”ndan Rollau, “Finlandiya Aktiv Müqavimət Hərakatı”ndan 2 nümayəndə (sədrləri Çar Polisinə işləyən Konni Silliakus olub və bunu arxivlər açılanadək heç kim bilmirdı) iştirak ediblər. Göründüyü kimi bizlərdən, “müsəlmanlardan” (o zaman bizə elə ad qoymuşdular) heç kim olmayıb, biz elə o vaxtdan siyasətə qarışmırdıq. Həmin konfransda Lenin də iştirak edib (o zamandan Lenini İsveçrə və Almaniya xüsusi xidmət orqanları müxtəlif yollarla maliyyələşdirməyə başlamışdılar), amma elə ilk günün sonunda ideoloji məsələlərə etiraz edərək tədbiri tərk edib.
Tarix maraqlıdır, amma dərs çıxaranları bacaranlar üçün. Gün gələcək, bizdə də arxivlər açılacaq, kimlərin əli kimlərin cibində olduğu, ən çox qışqıranların, söyüş söyməyi, təhqiri siyasi mübarizə kimi təqdim edənlərin iç üzü bilinəcək...
Müəllif: Natiq Cəfərli (ReAL Partiyası Siyasi Komitəsinin üzvü, iqtisadçı ekspert)
Mənbə: “Facebook”