Bakı - İrəvan sülh müqaviləsi nə vaxt imzalanacaq? – Paşinyanın sözçüsü deyir ki...
Bu ilin sonuna qədər sülh sazişinin imzalanması planlaşdırılırmı?
Ermənistan hökumətinin mətbuat xidmətində İrəvanla Bakı arasında sülh müqaviləsinin nə vaxt imzalanacağı ilə bağlı məlumat yoxdur. Bunu “Armenia Today”a Baş Nazir Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Armen Xaçatryan deyib.
“Bu ilin sonuna qədər sülh sazişinin imzalanması planlaşdırılırmı” sualına hökumət sözçüsü “bu barədə məlumatım yoxdur” cavabını verib.
İmzalanma vaxtı ilə bağlı hər hansı aydınlıq olub-olmadığına gəldikdə, Xaçatryan bu barədə də onda məlumatların olmadığını qeyd edib.
Bundan əvvəl mətbuatda Baş nazir Nikol Paşinyanın ilin sonunadək Bakı ilə sülh müqaviləsi imzalamaq planları barədə məlumat yayılmışdı. Həmin məlumata görə, Paşinyan bunu “Vətəndaş müqaviləsi” fraksiyasının deputatları ilə qapalı iclasda, Azərbaycan Prezidenti İlham Əliyevlə Brüssel görüşünün nəticələri barədə məlumat verərkən deyib.
Bu günlərdə Brüsseldə Paşinyan, Əliyev və Mişelin dördüncü görüşü baş tutub. Ermənistan, Azərbaycan liderlərinin və Avropa İttifaqı Şurasının Prezidentinin əvvəlki üçtərəfli görüşləri 2021-ci ilin dekabrında və 2022-ci ilin aprel və mayında Brüsseldə keçirilib.
Mişel Brüsseldə keçirilən dördüncü iclasın yekunlarına əsasən bildirib ki, tərəflər sülh sazişi üzrə substantiv işi aktivləşdirməyə razılaşıblar.
İclasda iki ölkənin xarici işlər nazirlərinə bir ay müddətində sülh müqaviləsi mətninin layihəsini müzakirə etmək üçün görüş keçirmək tapşırılıb. Tərəflər həmçinin bu ilin noyabrında Brüsseldə növbəti üçtərəfli görüşün, habelə sərhədlərin delimitasiyası üzrə komissiyaların iclasının keçirilməsi barədə razılığa gəliblər.
(Armenia Today)