“Ermənistanla Türkiyə arasında ilk dəfədir ki...” - RUBİNYAN
Ermənistanlı xüsusi nümayəndə: “İki ölkə arasındakı razılaşmalar bu yay həyata keçirilməlidir”
Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi başlayandan bəri ilk dəfədir ki, aydın razılaşmalarımız var. Bu fikri Ermənistan Milli Assambleyasının vitse-spikeri, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üzrə Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan ölkəsinin İctimai Televiziyasının efirində səsləndirib.
1 iyulda Vyanada Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçla görüşündən danışan Rubinyan tərəflərin, müvafiq olaraq Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarına Ermənistan və Türkiyənin quru sərhədlərini keçmək imkanının təmin edilməsi barədə razılığa gəldiyini xatırladıb.
“Qeyd edim ki, “üçüncü ölkə” ifadəsi Ermənistan və Türkiyə istisna olmaqla, bütün ölkələrə aiddir. Belə proseslərdə razılaşmaların icrası çox vacibdir və ilk razılaşmalara gəldikdə, onların vaxtında həyata keçirilməsi daha vacibdir, çünki onların icrası inam yaradacaq, əks halda isə prosesi pozacaq”, - deyə ermənistanlı xüsusi nümayəndə söyləyib.
Qeyd edib ki, Vyanada siyasi qərar qəbul edilib, texniki detallar isə (sərhəd keçid məntəqəsi, rejim və s.) hələ də iki ölkənin müvafiq idarələrinin nümayəndələri vasitəsilə iş qaydasında razılaşdırılmalıdır.
Nə demək istədiyi sualına cavab olaraq, bu razılaşmaların tez bir zamanda həyata keçirilməli olduğunu deyən Rubinyan konkret tarixlər açıqlaya bilməyəcəyini bildirib: “Mən məntiqli hesab edirəm ki, bu razılaşmalar bu yay həyata keçirilməlidir”.
Onun sözlərinə görə, normallaşma prosesi təxminən 6 ay əvvəl başlayıb: “Amma fakt budur ki, bu gün Ermənistanla Türkiyə arasında sərhəd açıq deyil və bunun səbəbini Ermənistanda axtarmaq lazım deyil. Amma fakt odur ki, ilk dəfədir ki, bizim razılaşmamız var. Bu razılaşma həyata keçərsə, bu prosesdə irəliyə doğru mühüm addım atdığımızı deyə bilərik”.
Erməni diplomatın dediyinə görə, Ermənistan Türkiyəyə diplomatik pasportu olan şəxslər üçün quru sərhədinin açılmasını təklif edib: “Türkiyə danışıqların Türkiyədə və ya Ermənistanda aparılmasını təklif edirsə və ya Ermənistanın nümayəndələrini Antalyada keçiriləcək diplomatik forumda iştiraka dəvət edirsə (ki, bu, artıq baş tutub), o zaman Türkiyənin bu addımla razılaşması məntiqli olardı”.
Rubinyan müxalifətin hazırkı hakimiyyətin Ermənistanı türkləşdirməyə aparması ilə bağlı iddialarına da münasibət bildirib: “Müxalifətin iddiaları əsaslandırılmır, bununla bağlı heç bir fakt yoxdur”.
O, Türkiyə tərəfinin qondarma “erməni soyqırımı”nı tanımaqdan imtina etməyə məcbur olub-olmaması ilə bağlı suala da mənfi cavab verib.