Başıxallı kişi gələcək və dünyanı dağıdacaq
Özününkülərin nifrətini, düşmənlərin hörmətini qazanan siyasətçi
Qorbaçov SSRİ-nin rəhbəri olanda 10 yaşım var idi. O vaxt onunla bağlı maraqlı bir mif yaranmışdı. Məhəllə uşaqları nənələrinə istinadən danışırdılar ki, "proqnozlara" görə, hakimiyyətə başıxallı kişi gələcək və dünyanı dağıdacaq. Həqiqətən, deyilənlər baş verdi, amma bizim üçün SSRİ sərhədləri ilə məhdudlaşan "dünya" - imperiya dağıldı.
Azərbaycanda Qorbaçova münasibət xırda istisnalarla birmənalı mənfidir. Bizim üçün mənfi münasibətin səbəbi 20 Yanvar qırğını və Qarabağ münaqişəsində onun birtərəfli mövqeyidir. Həqiqətən də, 20 Yanvar qırğınının əsas səbəbkarı Qorbaçov olub. Təəssüf ki, Qarabağ münaqişəsində də qətiyyəsizliyi və bir sıra hallarda tərəfkeşliyi ucbatından yeni alovlanan münaqişə ocağını söndürə bilmədi.
Ancaq bir dəfə parlamentdə Azərbaycan və erməni ziyalılarının iştirakı ilə Qarabağ münaqişəsinə hərs olunmuş görüşdə gözlənilmədən Qorbaçov bizim mövqedən çıxış elədi. Hətta görüşün yayımından sonra ictimaiyyətdə zarafatla bir-birinə "kişi keçib biz tərəfə" deyilirdi.
Azərbaycanda Qorbaçova nifrətin kökündə həm də başqa səbəb dayanır. Yaşlı insanlar onu "SSRİ-nin dağılmasının baiskarı" adlandıraraq nifrətlərini gizlətmirlər. Mənə elə gəlir ki, Qorbaçova nifrətin kökündə daha çox məhz bu amil dayanır.
Ancaq müəyyən iqtisadi və siyasi biliyi olan şəxslər təsdiq edə bilər ki, SSRİ-nin dağılması labüd idi, sadəcə Qorbaçov özü də istəmədən onu sürətləndirdi. Batmaqda olan iqtisadiyyatı xilas etmək üçün müəyyən liberallaşmağa getməli olsa da, faydası olmadı, əksinə bu liberallıq insanlarda azadlıq hissini daha da gücləndirdi. "Suxoy zakon"un qəbulu isə bir yandan batmaqda olan kənd təsərrüfatına və qeyri-neft sektoruna böyük zərbə vurdu.
Qorbaçovun əsas rolu SSRİ-nin dağılmasının sürətli və ən əsası ağrısız keçməsində oldu. Halbuki başqa yolu da tuta bilərdi. Aydındır ki, sonda uduzmağa məhkum idi, ancaq yüzminlərlə günahsız insanın qanını tökməyə heç nə mane olmurdu. Sovet qoşunlarını Əfqanıstandan çıxartdı, Şərqi Avropa ölkələrindən geri çəkildi. Təsadüfi deyil ki, Nobel mükafatı aldı və bu gün Qərb ölkələri - dövlət başçılarından tutmuş aktyorlara qədər hamısı onu hörmətlə anır.
Qəribə təzad yaranıb. Rəhbəri olduğu xalqlar ona nifrət edir, vaxtilə düşmən hesab elədiyi dövlətlər isə ona ehtiram edir.
Bu gün Qorbaçovun fəaliyyətinə obyektiv qiymət vermək mümkün deyil. Çünki SSRİ-nin dağılması prosesi tam başa çatmayıb. Bircə şey dəqiqdir. Rusiyanın Ukraynaya hücumu fonunda Qorbaçovun imici artmaqda davam edir. Çünki insanlar Qorbaçova qiymət verəndə həm də müqayisə obyekti olaraq Putinə baxmağa məcburdurlar.
Müəllif: İqtisadçı Samir Əliyev
Mənbə: “Facebook”