Sivil toplum və siyasi partiyalar münasibətlərinin alqoritmi: harda səhv edirik?
Müstəqillikdən üzü bəri sivil toplum institutlaşmadı, çünki müxalif siyasi partiyalar QHT sektorunu öz yanına çəkməyə başladı
Müstəqilliyimizin bərpasından bəri siyasi-ictimai səhnədə ən çox müzakirə edilən məsələ iqtidar-müxalifət münasibətləri olub. Bu münasibətlər də doğru-düzgün analiz edilməyib, amma bunun səbəbləri çoxdur: İqtidar 30 ildir ki, özünə komfort yaradan münasibətlər sistemi qurub – lazım gələndə həbslərlə, yeri gələndə gizli danışıqlarla, bəzən də mövzuları özlərinə uyğun, müxalifətin içində olan adamları ilə dizayn etməklə prosesləri idarə edir. İqtidar istəyəndə müxalifətin birlik modellərini qurur (son 30 ildə, səhv etmirəmsə 10-11 birlik modelləri olub), özünə lazım olanda bu birliklərin içində olan adamları vasitəsi ilə dağıdıb cəmiyyətə, “görürsüz, bunlar birləşə bilmirlər” mesajını verir. Belə oyunlara qoşulmayanları isə həm iqtidar, həm də müxalifət qaralayıb çıxdaş etməyə çalışır – ümumiyyətlə, son 30 ildə iqtidarla müxalifətin ən böyük əlbir işlərindən biri siyasətə yeni oyunçuları (təşkilatlar, şəxslər) buraxmamaq olub, məcbur qalıb yeni siyasi qüvvələrin yaranması ilə barışanda isə əlbir olub onları qaralamaqla məşğuldurlar. Bütün bu 30 illik alqoritm hüquq-mühafizə orqanları tərəfindən yürüdülüb, bu məsələlərdə söz sahibi, oyunqurucu, maddi vəsaitlərin bölüşdürülməsi hüquq-mühafizə sisteminin əlində olub.
Son 30 ildə ilk dəfə 2020-ci ildə REAL-ın israrı ilə iqtidar-müxalifət təmasları açıq müstəviyə, iqtidarın məhz siyasi nümayəndələri ilə aparılan şəffaf danışıqlar müstəvisinə keçdi – açığını deyim ki, bunu etmək asan olmadı, qarşı tərəf israrla bizi də hüquq-mühafizənin apardığı “dialoqa” çəkmək istəyirdi, amma israrımız və arqumentlərimiz yeni bir prosesin başlamasına səbəb oldu – və həmən də 30 illik hüquq-mühafizə “dialoqunun” iştirakçılarının hədəfinə gəldik, onların qarayaxma kampaniyasının əsas hədəfi olduq, çünki, illərdir qurulmuş və işlək vəziyyətdə olan alqoritmə təhlükə yarandı.
Amma sözüm başqadır, məni maraqlandıran sivil toplum və siyasi partiyaların münasibətlərinin, zənnimcə, çox səhv təməllər üzərində inşa edilməsidir ki, bu da indiki avtoritar sistemin işinə çox yarayan məsələlərdən biridir. Müstəqillikdən üzü bəri sivil toplum institutlaşmadı, çünki müxalif siyasi partiyalar çox vacib institut olan QHT sektorunu öz yanına çəkməyə başladı – bunun maddi səbəbləri ilə yanaşı tanınmış QHT nümayəndələrini yanlarında göstərməklə cəmiyyətdə avtoritet qazanmaq istəyi də var idi. Maddi səbəblər haqqında çox danışmayacam – bu sektorda olanlar məsələni yaxşı bilirlər, elə hakimiyyət də yaxşı bilir, onlara da sərf edir deyə bu modelə mane olmurdular.
Məni narahat edən daha çox məsələnin avtoritet qazanmaq cəhdidir, siyasi partiyalar bu yanaşması ilə QHT-lərin müstəqil bir instituta çevrilməsinə mane oldular, sivil toplumun cəmiyyətin problemləri ilə daha rahat məşğul olmasına imkan vermədilər, bütün etirazlara, orqanik etiraz ocaqlarına sahiblənmək cəhdləri ilə proseslərin təbii axarına sədd çəkdilər - əslində elə hakimiyyətin də istədiyi bu idi. Məsələn, taksi sürücüləri ÖZ problemləri ilə bağlı etiraz etmək, ÖZLƏRİNİN həmkarlar təşkilatına bənzər qurum yaratmaq istəyir – həmən siyasi partiyalar bu işə sahiblənmək, öz maraqları çərçivəsinə salıb etirazın orqanikliyinə xələl gətirirdilər. Və ya kuryerlər ÖZ haqlı tələbləri ilə ortalığa çıxmaq, ÖZLƏRİNİN problemlərini həll etmək üçün təşkilatlanmaq istəyən kimi həmən siyasi partiyalar bu etiraza sahiblənməklə vətəndaşların orqanik təşkilatlanmasına mane olmağa başladılar. Əslində isə onların yanında sivil toplum, vətəndaş cəmiyyəti olmalı, təşkilatlanmalarına institutsional dəstək verməli, hüquqları pozulanda onları müdafiə etməli idilər – amma olmur, çünki QHT-ləri müxalifət partiyaları sözün pis mənasında “siyasiləşdirməklə” məşğul idilər.
Yaxşı, bəs QHT-lərin səhvi nədir – onu da deyim: Bizim Sivil Toplum öz fəaliyyətləri ilə siyasi partiyaların fəaliyyətlərinin EYNİ olmadığını anlamaq istəmirlər, bir çox məsələlərdə siyasilərin onlar kimi DÜŞÜNMƏSİNİ, onların məsələlərə münasibəti kimi DAVRANMALARINI gözləyib-istəyirlər. Anlamırlar ki, Siyasi Partiyaların əsas vəzifəsi SEÇİCİ qazanmaqdır, onlara xoş gəlmək deyil, başa düşmək istəmirlər ki, onlar, məsələn, müharibə və sülh, müxtəlif azlıqlar, Zəngəzur, Türk Resbublikaları Birliyi (özüm qəsdən son ayların məsələlərini qeyd etdim, əslində siyahını çox uzada da bilərəm) kimi mövzularda daha rahat davrana, “mainstream” olmayan fikirlər bildirə bilərlər, hətta bildirmələri daha yaxşıdır ki, müxtəlif fikirlər diskussiya yarada bilsin, amma eyni münasibəti siyasi partiyalardan gözləmələri, gözləntilərinə uyğun olmayan açıqlamalar görəndə isə onları topa tutmaları doğru deyil.
Sivil toplum anlamalıdır ki, siyasi partiyalarla heç vaxt bütün fikirləri üst-üstə düşməyəcək, hətta sabah, inşAllah, hakimiyyəti, sistemi dəyişəndən, azad sistem qurandan sonra da onların məsələlərə münasibəti yeni qurulacaq hökumətdən fərqli olacaq (olmalıdır) – zatən onlar həmişə qeyri-hökumət təşkilatları kimi davranmalıdırlar. Ona görə də, QHT nümayəndələrinin siyasi partiyalara simpatiya ilə yanaşması cəhdləri özü belə anormaldır, necə ki, siyasi partiyaları SİYASİ FƏALİYYƏTƏ görə qınamaları da anormallıqdır. QHT-lər siyasi partiyaları DƏYƏRLƏRƏ və PRİNSİPLƏRƏ görə tənqid edə, hətta yıxıb-sürüyə bilərlər, etməlidirlər də, amma, siyasi partiyalara, “niyə kimləsə görüşdün, niyə filan qərarı aldın, nədən filankəslə debata çıxdın, niyə filan TV kanalda göründün, nədən filankəsin KİV-nə müsahibə verdin” kimi iradları, yumşaq desəm, anlaşılan deyil. Belə, oxuyun, düşünün, arqumentlərlə müzakirə edək...
Müəllif: Natiq Cəfərli (ReAL Partiyası Siyasi Komitəsinin üzvü)
Mənbə: “Facebook”