Şahın oğlunun azərbaycanlılara vədi varmı?
Pəhləvi və indiki rejimin azərbaycanlılara münasibəti oxşardır
İranın devrilmiş şahının oğlu Rza Pəhləvi yenə fəallaşıb. O, Vaşinqtonda İran rejiminə müxalif olan qüvvələri bir araya toplamağa çalışır. Dünyanın müxtəlif ölkələrinə səpələnən şah tərəfdarları Rza Pəhləvinin xeyrinə imza kampaniyası təşkil ediblər.
Rza Pəhləvi hakimiyyətə iddia etmədiyini vurğulasa da, İranda keçid hökuməti yaradıb azad və demokratik seçki keçirə biləcəyi qənaətindədir. Yəqin şahın oğlu hesab edir ki, 1979-cü il inqilabında Xomeyni sığınacaq tapdığı Parisdən Tehrana qalib kimi qayıtdığı kimi o da bu ssenari ilə İranın paytaxtına qayıda bilər.
Rza Pəhləvinin atası da hakimiyyətdə olduğu illərdə yağlı vədlər verir, İranın inkişafını sürətləndirəcəyini bildirirdi. Nəticə bugünkü İrandır. Şahın oğlu düşünür ki, İranda rejimə qarşı mübarizəyə rəhbərlik edə bilər.
Məsələ burasındadır ki, İrandakı etiraz xaotikdir, müxtəlif şəhərlərdə küçələrə çıxanların təşkilatı və liderləri yoxdur. Bu, mümkün də deyil, rejim etirazı təşkil edən təşkilatı və lideri dərhal məhv edər. Şahın oğlu bu vəziyyətdə hərəkata xaricdən rəhbərlik edəcəyini planlaşdırır. Ancaq kürd qrupları çıxmaq şərtilə İrandakı digər etnik qrupların Pəvləhi sülaləsinə inamı yoxdur. Fars millətçiliyi baxımından Pəhləvi sülaləsinin indiki rejimdən fərqi yoxdur.
Pəhləvi və indiki rejimin azərbaycanlılara münasibəti oxşardır. Azərbaycanlıların assimliyasiyası və sıxışdırılması siyasəti Pəhləvi sülaləsinin hakimiyyəti gəldiyi illərdən başlayıb, indikilər davam etdirir. Bu səbəbdən Qərb ölkələrindəki güney azərbaycanlı fəalların Rza Pəhləvi ilə eyni platformada yer alması çətin görünür.
Əlbəttə, rejimin dəyişdirilməsi və keçid hökumətinin formalaşdırılması ideyası pis deyil. Ancaq Rza Pəhləvi İranın gələcək quruluşu və ən böyük etnik qrup olan azərbaycanlılara hansı haqlar verəcəyi mövzularına toxunmur. Vəd verilsə belə, yerinə yetirləcəyinə zəmanət yoxdur.
İndiki rejim də hakimiyyətə yiyələnənə kimi xeyli vəd vermişdi, islamçılar vədlərini unutmaqla yanaşı şahın devrilməsində rol oynayanları qısa zamanda neytrallaşdırdılar. Ona görə də haqları uğrunda mübarizə aparan azərbaycanlılar indiki rejimdən narazı olduqları kimi şahın Amerikadakı oğlunun arxasınca getməyə də üstünlük verməyəcəklər. Güneyli fəallar rejimə qarşı mübarizədə optimal yol axtarışındadırlar.
Müəllif: “Atlas” Araşdırmalar Mərkəzi
Mənbə: “Facebook”