İtirilmiş nəsillər

İtirilmiş nəsillər

Ümid 2000-ci illər nəslinə qalıb

Qar yağmasının bir faydası da odur ki, seçib-seçilmək haqqından məhrum buraxılmış biz binəvalar gerçək səslə seçilən bələdiyyə institutunun nə qədər vacib olduğunu bir daha xatırlayırıq.

İnkişaf etmiş ölkələrdə, hətta bizdən çox uzaqda olmayan Türkiyədə yerli seçkilərin taleyini həm də fövqəladə vəziyyətlərdə, o cümlədən pis hava şərtlərində nəqliyyat axınının, kommunal xidmətlərin verilməsinin fasiləsizliyinin təmin edilməsində bələdiyyələrin nə dərəcədə effektiv tədbirlər görə bilməsi həll edir. Seçici həmişə seçkiarası dövrlərdə cibində futbol hakimləri kimi 3 rəngdə kart gəzdirir: seçkili şəxslər aralıq dövrdə nə qədər çox sarı kart alırlarsa, seçki günü avtomatik qırmızı kart çıxır...

Belə. Təəssüf ki, müstəqillik əldə etdiyimiz 32 ildə biz seçib-seçilməyin həzzini və toplumun rifah içərisində yaşamaq üçün verdiyi töhfələrin dadını yaşaya blməmişik. Müstəqillik dövrünün ən aktiv nəsli hesab oluna biləcək 70 və 80-cilər bu problemin öhdəsindən gələ bilmədi və 50 və 60-cıların əzici zərbələri altında ancaq məğlubiyyət yaşadı.

Ümid 2000-ci illər nəslinə qalıb. Bu nəsil ya sürətlə dəyişən dünyada sivil bir ölkə qurmağın öhdəsindən gələcək, ya da özləri də yaxın onilliklərdə ata-babaları kimi 3-cü dünya ölkələrinin şərtləri altında yaşamağa davam edəcəklər.

Yeri gəlmişkən, küçəyə çıxmışam, qar yağmasına ən çox sevinən də elə 2000-cilərdir...

Müəllif: Rövşən Ağayev (iqtisadçı ekspert)

Mənbə: “Facebook”