“Putin yatmış çoxluğu oyatdı” – Navalnının qərargahları toparlanır

“Putin yatmış çoxluğu oyatdı” –

“Bəlkə, sabah çox gec olacaq - indidən hərəkətə keçmək lazımdır”

Rusiyada müxalif lider Aleksey Navalnının rəhbərlik etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondunun keçmiş direktoru İvan Jdanov maraqlı açıqlama verib. "Bu, unikal vəziyyətdir və son illərdə heç vaxt baş verməyib. Yatmış çoxluq oyanıb və onları Putin özü oyadıb. Ona görə də indidən hərəkətə keçmək lazımdır. Bəlkə, sabah çox gec olacaq. Ona görə də Navalnının qərargahları işlərini bərpa edir”.

Navalnının tərəfdaşları ötən ilin yayında bağlanmış regional qərargahlar şəbəkəsinin fəaliyyətini bərpa etdiklərini bəyan ediblər. Onlar mətbuata bildiriblər ki, strukturu yenidən qururlar və “Qərargah”ın keçmiş işçilərinin yeni qurumla heç bir əlaqəsi olmaya bilər. Qoşulanların kimliklərinin anonim qalacağına söz verilir.

İvan Jdanov və Leonid Volkov özləri indi xaricdədirlər.

Aleksey Navalnı bu ilin martında 9 il müddətinə azadlıqdan məhrum edilib və ciddi rejimli kolonda saxlanılır.

2021-ci ilin aprelində prokurorluq onun Qərargahının işini dayandırıb, iyunda isə Navalnı ilə əlaqəli “Qərargah”, Korrupsiyaya Qarşı Mübarizə Fondu və Vətəndaşların Hüquqlarının Müdafiəsi Fondu “ekstremist” təşkilatlar adlandırıb.

Rusiyada bu strukturlarla əməkdaşlığa görə uzunmüddətli həbs cəzası təhlükəsi yarana bilər.

(Euronews)