Müharibə əleyhinə çıxan jurnalist “qeyb olub”

Müharibə əleyhinə çıxan jurnalist “qeyb olub”

Telekanal əməkdaşı saxlanılıb, haraya aparıldığı bəlli deyil

Rusiya polisi “Birinci Kanal”ın keçmiş əməkdaşı Marina Ovsyannikovanı saxlayıb. Onun haraya aparıldığı, saxlanma yeri barədə məlumat yoxdur.

Ovsyannikovanın vəkili Dmitri Zaxvatov “RİA Novosti”yə açıqlamasında hadisənin bir neçə gün əvvəl Moskvada Ovsyannikovanın keçirdiyi təkbaşına piket ilə bağlı olduğunu istisna etməyib.

Belə ki, bir müddət əvvəl “Vremya” verilişinin canlı yayımına müharibə əleyhinə plakatla daxil olan Marina Ovsyannikova Rusiyaya qayıdacağını açıqlamışdı. O, 11 yaşlı qızını keçmiş ərindən almaq niyyətində olduğunu bildirmişdi.

Xatırladaq ki, martın 14-də Ovsyannikova “Vremya” informasiya proqramının efirinə daxil olub və Rusiyanı Ukraynada müharibəni dayandırmağa çağıran plakatla aparıcı Yekaterina Andreyevanın arxasında dayanıb. Martın 25-də Moskva məhkəməsi jurnalistə qarşı protokolu qeydə alıb.

“Birinci Kanal”ın keçmiş əməkdaşı Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaqda günahlandırılıb. Bundan əvvəl məhkəmə onu kütləvi tədbirin keçirilməsi qaydalarını pozduğuna görə 30 min rubl cərimələmişdi.

(lenta.ru)