Rusiya indi də Alyaskanı geri almaq istəyir

Rusiya indi də Alyaskanı geri almaq istəyir

Vyaçeslav Volodin: “Qoy Amerika həmişə xatırlasın ki...”

“Rusiyanın xaricdəki resurslarını istədiyi kimi idarə edən Birləşmiş Ştatlar 1867-ci ilə qədər Rusiyanın ərazisi olan Alyaskanı xatırlamalıdır”.

Bu açıqlamanı Rusiya Dövlət Dumasının plenar iclasında spiker Vyaçeslav Volodin verib.

Rusiya Federasiyası Kommunist Partiyasından olan deputat Nikolay Kolomeitsev iclas zamanı xatırladıb ki, Volodin Dumaya 2010-cu ildə Norveçlə imzalanan Barents dənizi və Şimal Buzlu Okeanında dəniz məkanlarının delimitasiyası və əməkdaşlıq haqqında sazişin denonsasiyası məsələsini işləyib hazırlamaq tapşırıb. İdeya Oslonun rus yaşayış məntəqələrinin olduğu Şpitsberqen arxipelaqına yüklərin daxil olmasına icazə verməməsi səbəbindən yaranıb. Lakin iyulun 6-da problem aradan qaldırılıb və adaya yüklə iki konteyner göndərilib.

Kolomeitsev qeyd edib ki, deputatlar göstərişlərin zəruriliyini “yalnız müzakirə ediblər” və Oslo ertəsi gün yükü çatdırıb. “Təsəvvür edin, biz də denonsasiyanı işə salsaydıq, bəlkə, Amerika da lazımi yerə balıq tədarük etməyə başlayardı”, - deputat bildirib.

Spiker isə fikirlərinə belə yekun vurub: “Qoy Amerika həmişə xatırlasın: ərazinin bir hissəsi var - Alyaska. Onlar bizim resurslarımızı xaricə sərf etməyə çalışmağa başlayarkən, bunu etməzdən əvvəl düşünsünlər ki, bizim də qaytaracaq bir şeyimiz var”.

(www.rbc.ru)