Praqada Əliyevdən nə istəyə bilərlər?
Bəzi məqamlar görüşdən nəticələrlə bağlı gözləntiləri azaldır
Bu gün Praqda keçiriləcək dördtərəfli görüş (Əliyev, Mişel, Makron və Paşinyan) sülh sazişinin imzalanmasına təkan verə biləcəkmi? Bakı və İrəvanın açıqlamaları müəyyən gözləntiləri artırır və o mənzərəni ortaya çıxarır ki:
- Sərhəd toqquşmasından sonra Qərbin bölgədə ələ aldığı vasitəçilik təşəbbüsündə müəyyən irəliləyişlər var;
- Ukraynada zəifləyən Rusiya Cənubi Qafqazda da arxa planda qalır.
Hərçənd, tərəflərin açıqlamaları və mövqelərində uzlaşma ilə yanaşı, toqquşan məqamların olması açıq suallar da yaranır.
Sülh sazişində əsas prinsip Bakının İrəvana təqdim etdiyi 5 bəndlik təklif paketi götürülür: bu paketin ilk üç bəndində anlaşma mümkün olsa da, son iki bəndi ilə bağlı - sərhədin delimitasiya və demarkasiyası, nəqliyyat və kommunikasiyanın açılması - bunu demək çətindir.
Bu baxımdan, dördtərəfli görüşün müzakirə mövzularından birinin sülh paketinin son iki bəndi ola biləcəyini deyə bilərik.
Və Qərb masasında İrəvanın mövqeyinin ön planda olacağı görünür:
Birincisi, Ermənistanla yanaşı, Qərb – Avropa İttifaqı və Fransa kommunikasiyanın açılmasının “ölkələrin suveren hüquqları” əsasında olmasını, Zəngəzurun “yol məntiqi” ilə reallaşmasını istəyir;
İkincisi, delimitasiyası məsələsini bölgədə təsir rıçaqlarını gücləndirmək üçün vasitə kimi görən Qərbin öz qüvvələrini “müşahidə missiyası” adı ilə sərhədə gətirməsi gündəmdədir.
Müzakirə ediləcək digər məsələ isə Qarabağdakı “etnik ermənilər” ola bilər.
İrəvan sülh paketində “ərazi bütövlüyü” prinsipini qəbul etsə də, Xankəndidəki separatçıları “tərəfə” çevirmək iddiasını yenidən aktuallaşdırıb. Və Qərb, xüsusilə, Fransa da bu mövqedən çıxış edir. İlham Əliyevin dünən – görüşdən öncə Qarabağdakı ermənilərlə bağlı verdiyi açıqlama da buna hesablanmışdı.
Və bu məqamlar Praqa görüşündən nəticələrlə bağlı gözləntiləri azaldır: Bakı dəhliz amilini sonraya saxlasa belə, sərhəd və Qarabağdakı “etnik ermənilər” məsələsində geri çəkilməyəcək. İrəvan dəstək gördüyü Qərb masasında mövqeyini maksimum gücləndirməyə çalışacaq.
Müəllif: Asif Nərimanlı (siyasi şərhçi)
Mənbə: “Facebook”