Vaşinqtondan Pekinə ağır zərbə: Çin nəhəng imkandan məhrum edildi
ABŞ 1990-cı illərdən bəri Çinə qarşı belə genişmiqyaslı tədbir görməmişdi
Co Bayden administrasiyası Çinə super güclü süni intellektli hesablama çiplərinin, onların istehsalı üçün avadanlıqların və bir sıra digər yarımkeçirici texnologiyaların satışını məhdudlaşdırıb. Yeni sanksiyalar təkcə Amerika şirkətlərinin məhsullarına deyil, həm də Amerika texnologiyaları və ya avadanlığından istifadə edilməklə dünyada istehsal olunan bütün çiplərə şamil edilir.
Ekspertlər bildirirlər ki, ABŞ 1990-cı illərdən bəri Çinə qarşı belə genişmiqyaslı məhdudiyyətlər qoymayıb.
ABŞ Ticarət Departamentinin tətbiq etdiyi sanksiyalar ilk növbədə superkompüterlərdə istifadə olunan və xüsusən də süni intellekt proqramlarının sürətləndirilməsinə yardım edən qrafik çiplərə aiddir.
Fəaliyyətləri məhdudlaşdırılmış texnologiyaların istehsalçıları indi Çin şirkətləri ilə işləmək üçün xüsusi ixrac lisenziyası almalıdır. Hökumət bu cür lisenziyalar üçün müraciətlərin əksəriyyətinin rədd ediləcəyini deyir.
Bundan əlavə, sanksiyalar istehsalçıların süni intellekt çipləri ABŞ avadanlıqlarında istehsal edildiyi və ya ABŞ tərəfindən hazırlanmış proqram təminatından istifadə edildiyi təqdirdə onları ixrac etməsinə mane olur. Bu, harada yerləşməsindən asılı olmayaraq, ABŞ-da qeydiyyatdan keçmiş bütün şirkətlərə aiddir. Belə çiplərin istehsalı üçün avadanlıqların Çinə satışı da qadağandır.
Daha bir yeni qayda amerikalı alimlərin Çinə yeni yarımkeçirici texnologiyaları inkişaf etdirməyə kömək etməyi qadağan edir.
Ayrı bir bənd Amerikanın “qara siyahı”sındakı 28 Çin şirkətinə daha geniş çeşiddə yarımkeçirici texnologiyaların (ola bilsin ki, adi məntiq çipləri də daxil olmaqla) satışını qadağan edir.
"Bizim hərəkətlərimiz ABŞ-ın milli təhlükəsizliyini və qlobal siyasətdə maraqlarını gücləndirməyə kömək edəcək, eyni zamanda aydın mesaj göndərəcək: ABŞ-ın texnologiya sahəsində liderliyi təkcə innovasiyalarla bağlı deyil, həm də dəyərlərin qorunması ilə bağlıdır", - deyə dövlət katibinin müavini Thea Roseman Kendler şərh edib.
“Reuters” Ağ Evin anonim rəsmisinin brifinqinə istinadən yazır ki, Bayden administrasiyasının məqsədi Çinin hər hansı mənbədən süni intellektin sürətləndirilməsi üçün uyğun çiplər əldə etməsinə mane olmaqdır. Çin nüvə partlayışlarını simulyasiya etmək üçün superkompüterlərdən və süni intellektdən, dissidentləri ovlamaq üçün isə hipersəs raket bələdçiliyi və üz tanıma sistemlərindən istifadə edir.
Brifinqdə administrasiya rəsmisi bildirib ki, Birləşmiş Ştatlar bütün inkişaf etmiş ölkələr tərəfindən oxşar məhdudiyyətlərin tətbiq edilməsini təmin etmək üçün müttəfiqlərlə işləyəcək.
Ekspertlər qəbul edilmiş sanksiyaları Donald Tramp administrasiyasının 2019-cu ildə “Huawei” şirkətinə qarşı sanksiyası ilə müqayisə edirlər. Şirkət ABŞ sanksiyalarından yayınaraq İrana qadağan olunmuş maliyyə xidmətləri göstərməkdə ittiham olunduqdan sonra “qara siyahı”ya salınıb. Bununla belə, Trampın addımları bir şirkəti hədəfə almışdısa, o zaman Bayden administrasiyası ixrac sahəsində ardıcıl siyasət qurmağa çalışır və bu, artıq onlarla Çin şirkətinə təsir edəcək.
Amerikanın "qara siyahı"sı, fabriklərinə amerikalı müfəttişlərin daxil olmasına icazə verilməyən daha 31 Çin şirkəti ilə tamamlandı. Siyahıya düşmək ABŞ-ın daha sərt iqtisadi sanksiyaları üçün də səbəb ola bilər. Yoxlama qaydaları ilə razılaşan şirkətlər siyahıdan çıxarılır.
ABŞ mətbuatının yazdığına görə, yeni sanksiyalar əslində Bayden administrasiyasının ABŞ-ın ən böyük qrafik çip istehsalçılarına – “Nvidia Corp” və “Advanced Micro Devices”ə göndərdiyi məktublara əslində hüquqi qüvvə verir.
Analitiklər Çinin qisas alacağından ehtiyat edirlər, lakin indiyədək bu hal baş verməyib. Çinin Vaşinqtondakı səfirliyi “The New York Times”a bildirib ki, ABŞ "inkişaf etməkdə olan bazarları və ölkələri alt-üst etmək üçün öz texnoloji gücündən istifadə etməyə çalışır".
Səfirliyin sözçüsü Liu Pengyu əlavə edib: "ABŞ yəqin ki, Çinin və inkişaf etməkdə olan dünyanın qalan hissəsinin həmişəlik istehsal zəncirinin aşağı ucunda qalacağına ümid edir".
(BBC)