Əhalini 12 ildir aldadırlar - ABSURD
Özəlləşdirmə çeklərini adi kağız parçası adlandırmaq hansı məntiqin məhsuludur?
Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) özəlləşdirmə çeklərini adi kağız elan etməsi dəhşətli yalanın təzahürüdür. Bu iddia ƏMDX-nin məmurlarına sərf etdiyi üçün bu gün də xalqı aldadaraq özəlləşdirmə çeklərini “qara bazar”da yığmağa davam edirlər.
Eyni zamandan, bütün günahları fərmanla əlaqələndirərək Prezidentin üzərinə atmağa cəhd etməkdənsə, Konstitusiyaya uyğun olmayan qanunları qəbul edən səlahiyyətli şəxslərin səhvlərinin aradan qaldırılması, qanunların icrasına nəzarət edilməsi, xalqın mənafeyinə ziyan vuran əməllərin yüksək tribunadan səsləndirilməsi və Konstitusiya Məhkəməsinə müraciət etmək deputatların vəzifə borcudur.
Bəs baş nazir və nazirlərin bu işdə “rolları” varmı?
Baş nazir 20 ildir Özəlləşdirməyə Nəzarət üzrə Dövlət Komissiyasının əsasnaməsini hazırlamayıb. Əsasnamə olmadığına görə Komissiyanın sədri kimi özü və üzvləri olan nazirlər məsuliyyətdən kənarda qalıblar. Nəticədə bütün məsuliyyəti Cənab Prezidentin üzərinə atırlar. Baş nazirin Mərkəzi Banka göstərişindən belə məlum olur ki, qiymətli kağızların alqı-satqısı və dövriyyəsi ancaq qanunla tənzimlənməlidir. 2000-ci ildə Yeni Dövlət Özəlləşdirmə Proqramı qanunla qəbul olunmalı idi. Əvvəlki qanunla qoyulmuş qayda 2000-ci ildə yeni özəlləşdirmə qanunu qəbul edilən zaman dəyişdirilərək, fərmanla təsdiqlənməsi haqqında maddə əlavə edildi.
Özəlləşdirmə çekləri qiymətli kağızlar olduğuna görə Mülki Məcəllə ilə mülkiyyət hüququna malik olması təsdiqlənir. Mülkiyyət hüququ istifadə, sahiblik və sərəncam vermək kimi sahələri ancaq qanunla tənzimləyir. Yəni bunların dövriyyəsi və dövriyyədən çıxarılması ancaq qanunla baş verə bilər. Deməli, fərmanla tənzimlənmə Konstitusiyaya və qanunlara ziddir, Konstitusiyaya görə, əmlaklar və qiymətli kağızların dövriyyəsinin tənzimlənməsi Prezidentin səlahiyyətlərinə aid deyil. Ümumilikdə Özəlləşdirmə Proqramı əmlak bölgüsü (Miras Əmlak Payı) və mülkiyyət hüququ ilə əlaqədar olduğundan, Özəlləşdirmə Proqramı da ancaq qanunla tənzimlənməlidir. Dövlətin iqtisadi, sosial siyasəti Konstitusiyaya uyğun və qanunlarla tənzimlənir.
Konstitusiyadankənar belə səlahiyyətlər oliqarx məmurlar tərəfindən dövlət başçısının və vətəndaşların mənafelərinin əleyhinə məharətlə istifadə olunur. Əlbəttə, bu cür konstitusiyadankənar əlavə səlahiyyət verən qanun maddəsi və fərman bəndi Prezidentə lazım deyil. Bu, bəzi oliqarx deputatlar, məmur və hüquqşünasların xalqa məxsus əmlaklarını öz çirkli pulları ilə ələ keçirmək hiyləsidir.
Hüquqşünas alimlərin elmi-praktiki araşdırmalarından məlum olur ki, hələ 2000-ci ildə yeni özəlləşdirmə qanunu qəbul olunan zaman, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri və oliqarx məmurlar, o vaxtkı deputatların hüquqi savadsızlığından, qiymətli kağızlar barədə məlumatsızlığından istifadə edərək, “Özəlləşdirmə haqqında” qanuna Konstitusiyanı pozan və qanunlara zidd əlavələr etməklə öz məqsədləri üçün istifadə ediblər. Belə fərmanları imzalatdıranların məqsədi Prezidentə əlavə səlahiyyətlər vermək deyil, burada əsas məqsəd - Konstitusiyanı, qanunları və beynəlxalq insan hüquqlarını pozmaqla özəlləşdirmənin aparılmasında maraqlı olan oliqarx məmurların gələcəkdə məsuliyyətdən yayınmaq və məsuliyyəti ölkə başçısının üzərinə atmaq niyyətidir. Ulu Öndər Heydər Əliyevin və dövlətin siyasətinin, tarixi sosial ədalət yolunun pozulması, həm də Konstitusiya və qanunların, beynəlxalq insan hüquqlarının pozulması faktlarının cinayət olması “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 9 və 11-ci maddələrində öz əksini tapır.
Çoxsaylı ziyalıların, akademik və professorların, deputat və hüquqşünas alimlərin mətbuat vasitəsi ilə bu səhvlərin aradan qaldırılması üçün çağırışlar etməsinə baxmayaraq, Cənab Prezidentə düzgün məlumat çatdırılmır. Özəlləşdirmə çeklərinə düşən inflyasiyadan qorunan əmlak payı ekvivalenti qədər vətəndaşlara kompensasiya verilmədən, 12 ildir özəlləşdirmənin aparılması Konstitusiya və qanunlara tam ziddir.
ƏMDX-nin məmurları dövləti və xalqı aldatdıqları bəs deyilmiş kimi, üstəlik, özəlləşdirmə çeklərinin yenidən istifadə olunacağı ilə bağlı məlumatları “insanların aldadılmasına və onların etibarından sui-istifadəyə yönəlmiş addım” kimi dəyərləndirir və vətəndaşları bu cür “şayiələrə” inanmamağa çağırırlar. “Bu cür əsassız məlumatları yayanların hüquqi məsuliyyət daşıdığını onlara bir daha xatırladırıq”, - deyərək, Konstitusiya və qanunlara uyğun şəkildə işi araşdırmaq əvəzinə vətəndaşları, ziyalıları, deputatları və hüquqşünasları hədələyirlər.
Fərmanla özəlləşdirmə çeklərinin 2011-ci ildə tədavülü başa çatdıqdan sonra, ƏMDX-nın tədirincə, 2011-ci ilin 1 yanvar tarixindən bu yana özəlləşdirmə çekləri heç bir hüquqi əhəmiyyəti olmayan adi kağız parçasıdırsa, bu halda Nazirlər Kabinetindəki və Prezident Administrasiyasındakı hüquqşünaslar hara baxırlar? Bu, ölkə rəhbərliyini aldaqmaq deyil də, bəs nədir?!
Əmlak Xidməti xalqı nə vaxta qədər aldadaraq, 25 ildir böyük ümidlə saxladıqları çekləri ucuz qiymətə satmağa məcbur edəcək? Əsas odur ki, bu tarixdən sonra birbaşa həm cənab Prezident özəlləşdirmə çeklərini tənzimləyən Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 may tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə, həm də Baş nazir “Dövlət özəlləşdirmə payları (çekləri) ilə bağlı bəzi normativ sənədlərin təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 1 fevral tarixli 11 nömrəli qərarında dəyişikliklər edilməsi barədə 2 oktyabr 2013-cü ildə qərar verib.
Məmurların özbaşınalığı və sadə vətəndaşlara belə psixi və mənəvi təzyiqi nəticəsində, bəzi vətəndaşlar ailələrinin 25 ildir ümidlə saxladıqları özəlləşdirmə çeklərini adi kağız parçası – suvenir kimi “28 may” metrostansiyasındakı ƏMDX məmurlarının nəzarət etdikləri “qara bazar”da satırlar. Qanunla Miras Əmlak Payı – mülkiyyət hüququnu təsdiq edən sənəd kimi özəlləşdirmə çekləri dövlət qiymətli kağızı kimi birincili olaraq yerləşdirildiyindən sonra bütün özəlləşdiriləcək dövlət əmlaklarının 65%-lik mülkiyyət hüququ vətəndaşlara məxsusdur. Qanunla dövlət bir emitent kimi buraxdığı və birincili olaraq yerləşdirdiyi qiymətli kağızların təsdiqlədiyi mülkiyyət hüquqlarının sahibi deyil. Konstitusiya və qanunlarla dövlət artıq bütün özəlləşdiriləcək orta və böyük müəssisələrdən vətəndaşlara məxsus olan 65% Əmlak Payını – mülkiyyət hüququnu kompensasiya etmədən və vətəndaşlarla razılaşdırmadan heç kimə sata bilməz. İnvestor qanunla ödəmənin ən azı 65%-ni özəlləşdirmə çeklərinin nominal dəyəri ilə etməlidir. Prezidenti və xalqı aldadan məmurların cəzası ağır olacaq. (FAKTLAR)
Ulu Öndər Heydər Əliyevin dövlətçiliyə və xalqa olan münasibəti özəlləşdirmə məsələsinə böyük həssaslıqla yanaşmasında öz əksini tapır. Xalqının qeyrətli oğlu kimi tarixi sosial ədalət prinsipini əsas tutaraq kapitalizmə dinc keçid üçün 1997-ci ilə qədər anadan olan bütün ölkə vətəndaşlarına bərabər mülkiyyət olmaqla, Miras Əmlak Payını dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri ilə verdi. Özəlləşdirmə prosesinin uzun müddət çəkə biləcəyini nəzərə alaraq, Ulu Öndər bu əmlak paylarını qanunla inflyasiyadan qorunan mülkiyyət payı kimi verdi.
Hələ 1997-ci ildə Əmlak Komitəsi hər özəlləşdirmə payına (4 çek) düşən dövlət əmlak ekvalentinin ən azı 2000 ABŞ dolları olduğunu öz 222 N-li əmri ilə təsdiqlədi. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi.
Ulu Öndər Heydər Əliyevin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir. Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq 35%-nin pulla satışını həyata keçirə bilər.
Cənab Prezidenti aldatmaqla, gələcəkdə vətəndaş qarşıdurması yaratmaq kimə lazımdır? Xalqda hakimiyyətə və məmurlara qarşı nifrət, vətəndaşlarda və xarici investorlarda Konstitusiyaya, qanunlara və dövlətçiliyimizə inamsızlıq yaratmaq kimlərin marağındadır? Bəzi oliqarx məmurların yaratdığı belə durum tarixi sosial ədaləti tapdamaq və böyük sosial narazılıq dalğasına səbəbiyyət vermək deyil? Ən əsası, həmin oliqarx məmurlar cənab Prezidentin dəfələrlə bəyan etdiyi “Dövlət olaraq ya Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirəcəyik, ya da məhvə doğru gedəcəyik” tezisini nə tez unudublar?!
Müəllif: Özəlləşdirmə Çekləri Qrupu