TDT dini liderləri Şuşada: Əsasnamə və Prezidentə müraciət qəbul olundu
“Qardaş Azərbaycan xalqı tarixinin ən möhtəşəm günlərini yaşadığı günlərdə Şuşada olmaq hər birimiz üçün böyük fəxarətdir”
Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderləri işğaldan azad olunmuş Şuşa şəhərinə səfər ediblər. “Avronews” xəbər verir ki, Şuşada TDT üzv ölkələrin Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının Əsasnaməsi imzalanıb.
Sənədi TDT-nin Baş katibi Bağdad Amreyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Türkiyə Diyanət İşləri Başkanı Əli Erbaş, Özbəkistan müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın baş müftisi Naurızbay Taqanulı, Qırğızıstan müftisi Zamir Rakiyev, Türkmənistan müftisi Yalkab Xocaquliyev imzalayıblar.
Daha sonra Təşkilata üzv ölkələrin müsəlman dini liderləri Qarabağ zəfərinin ikinci ildönümü münasibətilə Prezident İlham Əliyevə müraciət ünvanlayıblar. Müraciətdə deyilir:
“Cənab Prezident, biz, TDT üzv ölkələrin müsəlman dini liderləri sizə səmimi arzularımızı Şuşadan yetirməkdə şərəf duyuruq. Qardaş Azərbaycan xalqı tarixinin ən möhtəşəm günlərini yaşadığı günlərdə Şuşada olmaq hər birimiz üçün böyük fəxarətdir. Bu qələbənin müəllifi, Qarabağ Fatehi İlham Əliyevi səmimi qəlbdən təbrik edirik”.