Tələbə biletini göstər, sərhədi keç
Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə quru sərhəddən istifadə imkanının yaradılması təklif olunur
Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra qardaş ölkədə ali məktəblərdə təhsil onlayn - distant formaya keçdi. Türkiyədə 30 minə yaxın Azərbaycan vətəndaşının təhsil aldığını nəzərə alsaq, həmin gənclərin ölkəmizə qayıdışına dəstək olunması vacibdir. Təyyarə biletlərinin baha olduğunu nəzərə alsaq, tələbələrin çoxunun quru sərhədləri vasitəsi ilə vətəninə qayıtmağa üstünlük vermək istəyi anlaşılandır.
Bu aydan etibarən Türkiyə ilə Naxçıvan arasında quru sərhədlərimiz açılsa da, bu imkandan Muxtar Respublikada qeydiyyatda olan vətəndaşlarımız istifadə etmək hüququna malikdir. Bu baxımdan, qeydiyyat yerindən asılı olmayaraq, Türkiyədə təhsil alan Azərbaycan vətəndaşlarına belə imkanın yaradılması məqsədəuyğun olardı.
İndiki halda tələbə biletini təqdim etməklə azərbaycanlı tələbələrin quru sərhəddən istifadəsinə icazə verilməsi onların vətənə asan və daha az xərclə qayıtmasına imkan yaradardı. Bütövlükdə, mərhələli şəkildə qardaş Türkiyə ilə quru sərhədlərimizdən bütün vətəndaşlarımızın istifadə imkanının yaradılması məqsədəuyğun olardı.
Müəllif: Vüqar Bayramov (deputat, iqtisadçı alim)
Mənbə: “Facebook”