Bakıya miqrant “hücumu” – Öz vətəndaşlarımız yalan oldu
Şimaldan-cənubdan: paytaxtımız bu yükə dözə biləcəkmi və nə etməli?
Dövlət Statistika Komitəsi (DSK) xarici ölkələrdən Azərbaycana gələnlərin sayının iki dəfə artdığına dair məlumat yayıb. Komitə Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən bildirir ki, 2022-ci ildə Azərbaycan Respublikasına dünyanın 178 ölkəsindən 1 milyon 602,3 min və ya əvvəlki illə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs təşrif buyurub. Gələnlərin 30 faizini Rusiya, 10 faizini isə İran vətəndaşları təşkil edib.
Rusiyanın Ukraynaya hərbi təcavüzü, Prezident Vladimir Putinin hərbi səfərbərliklə bağlı qərarı, şimal qonşumuza qarşı çoxvektorlu embarqolar, habelə İranda hicab taxmadığına görə əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan və bütün ölkəni bürüyən kütləvi aksiyalar Rusiya və İran vətəndaşlarının kütləvi şəkildə mühacirətə üz tutmasına səbəb olub. Onların ən çox üz tutduğu ölkələrdən biri də Azərbaycandır.
Qeyd edək ki, xaricdən gələn miqrantların əksəriyyəti Bakıda məskunlaşıb. Paytaxtın son dövrlər onsuz da çox yükləndiyini, real sayından dəfələrlə artıq əhalinin yaşadığını nəzərə alsaq, miqrantların gəlişi hesabına ümumi sayın daha da artması ciddi problemlərə yol açacaq. Ekspertlər hesab edirlər ki, Azərbaycan hökuməti təcili olaraq vəziyyətə müdaxilə etməli və paytaxtı “şişmək təhlükəsi”ndən xilas etməlidir.
Bu arada, Daxili İşlər Nazirliyi məlumat yayaraq bildirib ki, ölkədə yaşadığı ünvan üzrə qeydiyyata düşməyən vətəndaşlar cərimələnəcəklər.
Sabiq maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov mövzuya dair AYNA-ya şərhində deyib ki, Azərbaycan hökuməti təcili tədbirlər görməlidir: “Rusiya, Ukrayna və İrandan Azərbaycana kütləvi şəkildə miqrantların daxil olması regionda vəziyyətin gərginləşməsi, siyasi müstəvidə davam edən mübarizələr, eyni zamanda Ukraynada baş verən müharibə ilə bağlıdır. Açıq şəkildə söyləmək olar ki, qarşıdakı dövrlərdə miqrantların sayı daha da artacaq. Çünki miqrant axınını şərtləndirən səbəblərin aradan qalxması gözlənilmir”.
“Ən təhlükəli məqam odur ki, bu miqrantlar müvəqqəti deyil, daimi yaşamaq üçün Azərbaycana gəlirlər. Bakıda evlər alırlar və nəticədə daşınmaz əmlakın qiyməti kəskin sürətdə bahalaşır. Proses bu şəkildə davam edərsə, paytaxtda mənzillərin satış və kirayə qiymətləri daha da artacaq”, - deyə həmsöhbətimiz bildirib.
Onun sözlərinə görə, miqrant axını onsuz da yüklənmiş Bakını daha çıxılmaz duruma salıb: “Azərbaycan əlahisinin 60-70 faizi Abşeron yarımadasında məskunlaşıb. Onun da əsas hissəsi Bakıda yaşayır. Bir neçə il öncə ilə müqayisədə avtomobil tıxaclarının xaotik xarakter alması bunun bariz nümunəsidir. Vəziyyət çox ciddidir və təcili müdaxilə olunmalıdır”.
“Azərbaycan hökuməti konkret fəaliyyət mexnizmləri hazırlamalı və bu plana uyğun olaraq hərəkətə keçməlidir. Müəyyən məhdudiyyətlər və kvotalar tətbiq edilməlidir. Region kifayət qədər həssas mərhələdədir. Rusiyaya qarşı təzyiqlər səngimək bilmir. Müharibə Ukraynanın infrastrukturunu dağıdıb. İrana qarşı həbi müdaxilə gözlənilir. Hesab edək ki, qarşıdakı aylarda bütün bu gözləntilər özünü doğrultdu, onda nə baş verəcək? Nə qədər gec deyil, kütləvi miqrant axınına qarşı mübarizə tədbirləri başladılmalıdır”, - deyə Yusifov vurğulayıb.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, əmlak eksperti Vüqar Oruc məsələ ilə bağlı AYNA-ya açıqlamasında söyləyib ki, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən sonra milyonlarla Rusiya vətəndaşı ölkəni tərk edib: “Rusiya əhalisi təşvişdən, qeyri-müəyyənlikdən, müharibəni başlatmış dövlətlə assosiasiya olunmaq istəmədiklərindən, artıq başlamış iqtisadi böhrandan qaçırlar. Rusiya Prezidenti Vladimir Putinin səfərbərlik qərarından sonra mühacirətə üz tutanların sayı əhəmiyyətli dərəcədə artıb”.
“Ənənəvi sosioloji sorğularda Rusiya vətəndaşlarının Ukraynaya qarşı təcavüzü dəstəklədikləri bəyan edilsə də, səfərbərlik qərarından sonra ortaya ziddiyyətli məqamlar çıxır. Ya bu sorğular qeyri-adekvatdır və reallığı əks etdirmir, ya da ruslar müharibəni dəstəkləsələr də, bu müharibədə iştirak etmək istəmirlər. İranda da kütləvi aksiyalar davam edir və cəmiyyət molla rejiminin təqiblərinə qarşı kəskin mübarizə aparır. İranda yaşayan güneyli soydaşlarımız da bu aksiyalarda fəal iştirak edirlər. Həm Rusiya, həm də İran əhalisi yaşadıqları ölkələrin gələcəyini görmürlər və mühacirətə üz tuturlar”, - deyə müsahibimiz bildirib.
AQC sədrinin sözlərinə görə, Rusiya və İran vətəndaşlarının ən çox üz tutduqları ölkələrdən biri də Azərbaycandır: “Burada bir məqamı da qeyd edim ki, İrandan Azərbaycana əsasən güneydəki soydaşlarımız, Rusiyadan isə Rusiya vətəndaşlığını almış soydaşlarımız gəlirlər. Miqrantlar əsas etibarilə Bakıda məskunlaşıblar. Elə bu səbəbdən də paytaxtda daşınmaz əmlakın qiyməti kəskin şəkildə bahalaşıb. 2022-ci ilin əvvəlindən başlayan bu proses artan dinamika ilə inkişaf edir”.
“Təsəvvür edin ki, cəmi bir il öncə 100 min manata olan mənzilin mövcud qiyməti indi 130-140 min manatdır. Bu, çox ciddi artımdır. Heç şübhəsiz, bu, öz növbəsində kirayə bazarına da təsirsiz ötüşməyib. Əyalətlərdən paytaxta işləmək üçün gələnlərin əsasən kirayədə yaşadığını nəzərə alsaq, qiymətlərin artımı sosial problemlərdən əziyyət çəkən əhalini çıxılmaz duruma salır. Rusiya-Ukrayna müharibəsinin davam edəcəyini, şimal qonşumuza qarşı tətbiq olunan sanksiyaların qarşıdakı dövrlərdə ağır fəsadlara yol açacağını, eyni zamanda İranda başlanan etirazların məntiqi yekuna çatmadığını əsas götürsək, miqrant axınının qarşıdakı müddətdə də davam edəcəyini proqnozlaşdırmaq olar”, - deyə Oruc vurğulayıb.
Əlavə edib ki, Azərbaycan hökuməti bu istiqamətdə ciddi addımlar atmalıdır: “Bakının Nyu-York, İstanbul, Sankt-Peterburq, Almatı və digər şəhərlər kimi status daşıması, paytaxtın isə digər şəhərə köçürülməsi müzakirələri yenidən aktuallıq qazanıb. Bakı artıq bu sıxlığa dözmür. Düzdür, qarşıda işğaldan azad edilmiş torpaqlarımızın bərpası kimi mühüm missiya dayanır. Ancaq buna baxmayaraq, paytaxtın köçürülməsi, Bakıda yerləşən müəssisələrin regionlara paylanılması istiqamətində strateji qərarlar qəbul olunmalıdır. Digər bir variant isə Qaradağ rayonunun ərazisindən istifadə etməklə infrastrukturun və istehsal müəssisələrinin sayının artırılmasıdır”.