“İranda oxuyan bəzi azərbaycanlı tələbələr ölkəmiz əleyhinə təbliğatlarda iştirak edirlər”
Mübariz Qurbanlı: “İranda Azərbaycan əleyhinə edilən hər bir hərəkət bütün sahələrdə bumeranq olaraq özünə qayıdır”
“Azərbaycanda vaxtilə dini təhsillə bağlı müəyyən tədris ocaqlarının olmamasına görə ölkəmizdən İrana tələbələr gediblər. Hazırda ölkədə müxtəlif dini təhsil ocaqlarının yaradılması ilə bunun qarşısı alınır”.
“Avronews” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib.
“Ümumiyyətlə, hazırda nəinki İranda, başqa ölkələrdə də dini təhsilin alınmasına ehtiyac duymuruq. Çünki Azərbaycanda İlahiyyat İnstitutu, müxtəlif dini kolleclər var. Bu kolleclər vasitəsilə kifayət qədər kadr hazırlamaq imkanımız var”, - deyə o bildirib.
Qurbanlının sözlərinə görə, ayrı-ayrı ölkələrə gedib din sahəsində təhsil alanlar həmin ölkənin dövlət-din modelini mənimsəyir və öz ölkəsinə qayıtdıqdan sonra burada təşviq etməyə çalışırlar: “O cümlədən İranda da təhsil alanlar arasında təsir altına düşənlər olub. Onların bəziləri hətta İranda Azərbaycan əleyhinə təbliğatlarda iştirak edirlər və hərəkətlərində cinayət əməlləri var. Azərbaycanın hüquq-mühafizə orqanları bununla bağlı müvafiq tədbirlər görür. Azərbaycan bu cür anti-Azərbaycan hərəkətlərə son qoyulmasını tələb edir”.
Komitə sədri qeyd edib ki, İranda Azərbaycan əleyhinə edilən hər bir hərəkət bütün sahələrdə bumeranq olaraq özünə qayıdır: “İran Azərbaycanda bu və ya digər formada istənilən sahədə, o cümlədən də din sahəsində fitnəkar əmələ nail ola bilməz. Ona görə ki, Azərbaycan xalqı monolitdir, birdir. 44 günlük Vətən müharibəsi də bunu bir daha təsdiq etdi. Mən hesab edirəm ki, Azərbaycandakı din xadimlərimiz də İranın Ermənistana yaxınlığını, ona dəstək verdiyini görür. Ölkəmizdə dövlət-din siyasəti yüksək səviyyədədir, stabillik var, bütün din xadimlərimiz də Azərbaycan dövlətinin yanındadır”.
“Bu yaxınlarda din xadimlərimizin bəyanatı da yayıldı. Onlar da İranda din adı altında Azərbaycan əleyhinə bu cür hərəkətləri qətiyyən pisləyiblər. O cümlədən Ermənistanla yaxınlığın müsəlman aləminə zidd olduğunu bildiriblər. İşğal olunmuş ərazilərimizdəki dini abidələrin, məscidlərin dağıdılmasına İran daim göz yumub. Erməni işğalçıları orada olan 67 məsciddən 65-ni, həmçinin digər dinlərə aid ibatəd yerlərini dağıdıblar”, - deyə DQİDK sədri vurğulayıb.