Pensiya və maaşlar nə qədər artacaq?
Gələn il də sosial müdafiə tədbirlərinin güclənəcəyi gözlənilir
Milli Məclisin bu günki plenar iclasında 2023-cü ilin dövlət düdcəsi layihəsi sonuncu oxunuşda təsdiq edildi. Bəs, gələn il pensiya və əmək haqqılar nə qədər artacaq?
2023-cü ildə dövlət büdcəsindən 15.2 milyard manat sosial sferaya yönəldiləcək. Bu, ümumi büdcə xərclərinin 45.6 faizi deməkdir.
Pensiyalarda artım gələn aydan reallaşacaq. Belə ki, vahid indeksasiya sisteminə keçid bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur. Bu ilin ilk 9 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,4 faiz artıb. Bu, o deməkdir ki, mövcud tendensiya saxlanacağı halda, gələn ilin yanvar ayında pensiyalar 14-15 faizə indeksasiya olunacaq.
Təbii ki, daha dəqiq rəqəm 2023-cü ilin yanvar ayında elan olunacaq. Məsələn, əgər 2022-ci ildə orta aylıq əmək haqqı 15 faiz artarsa, o zaman 500 manat pensiya alan vətəndaşımızın pensiyasında 75 manat artım olacaq.
Digər tərəfdən, 2022-ci ildə əmək pensiyaçılarına ödənilən maddi yardımın da (200 manat və ya qulluq əlavəsi alan şəxslərə ödənilən pensiya məbləğinin 10%-i miqdarında) 2023-cü il yanvarın 1-dən etibarən pensiyaların tərkibinə daxil edilərək indeksasiya olunması nəzərdə tutulur. Bu da pensiya məbləğlərindəki artıma müsbət təsir göstərəcək.
Qeyd edək ki, xüsusi şərtlərlə pensiya alan şəxslərin aylıq pensiyalarına ödənilən 10 faiz, həmçinin digər pensiyaçılara il ərzində ödənilən 200 manat maddi yardım onların pensiyalarına daxil edildikdən sonra yekun məbləğ orta aylıq əməkhaqqının illik artım tempinə uyğun indeksləşdiriləcək. Məsələn, 300 manat pensiya və il ərzində 200 manat maddi yardım alan vətəndaşların pensiya məbləği yeni ildən 316.7 manat (300+200/12) qəbul edilərək üzərinə indeksasiya faizi qədər artımla hesablanacaq.
Əmək haqqı məbləğinə gəldikdə isə, gələn il orta aylıq əməkhaqqının 898 manat olacağı proqnozlaşdırılır. Qeyd edək ki, gələn il şəhid ailələri və onların övladları, valideynlərinin muzdlu işdən aldıqları gəlirlərinin 800 manata qədər olan hissəsinin vergilərdən azad olunması nəzərdə tutulur.
Bütövlükdə isə, dövlət sektorunda əmək haqqı artımları ölkə Prezidentinin sərəncamları ilə reallaşır. 2022-ci ildə əksər sektorlarda maaş artımları reallaşdı. 2023-cü ildə də sosial müdafiə tədbirlərinin güclənəcəyi gözlənilir.
Müəllif: Vüqar Bayramov (deputat)
Mənbə: “Facebook”