Elementar bədbəxtlik
İnsanları 19-cu əsrdən 21-ci əsrə keçməyə qoymayan əl onları nə qədər bədbəxt etdiyinin fərqində deyil
Bencamin Franklinin avtobioqrafik əsərində maraqlı bir qeyd var: insanın xoşxbətliyi nadir hallarda baş verən böyük uğurlardan çox onun gündəlik həyatını asanlaşdıran, firavan yaşamasını təmin edən mühitdən asılıdır. Buna nümunə olaraq o dövr üçün özünün canlı bir müşahidəsini yazır: yağış yağanda London küçələrinin palçıq gölündə üzməsi insanların özlərini hədsiz bədbəxt hiss etməsinə səbəb olurdu.
Bu qeydləri oxumamışdan öncə həmişə düşünürdüm ki, yolu, məktəbi, səhiyyəsi olamayan kəndlərdə yaşayan insanlarla daha yaxşı infrastrukturu olan icmalarda yaşayan insanlar arasında sorğu keçirib, onların həyatdan məmnunluq səviyyəsini ölçüb müqayisə emək çox maraqlı olardı.
Bu fikir beynimdə təsadüfdən yaranmamışdı: uzun dövr ərzində icma proqramalarının icrasında iştirak etmişəm və xüsusən payız-qış aylarında palçıqlı yollarla gedib-gələn insanların özlərini nə qədər həyatdan düşkün və küskün hiss etdiklərini aşkar müşahidə etmişəm. Xüsusən də inslanların körpə övladları o palçıqlı yollarla uçuq-sökük, soyuq məktəb divarları arasına gedib-gələndə.
İndi fikirləşirəm ki, Azərbaycanda yüzlərlə kəndin daxili yolları, məktəbləri, elektirik sistemi bərbad vəziyyətdədir. 30 ildir imkan vermirlər ki, insanlar özlərinə normal yerli özünüidarə sistemi qurub özlərinin icma problemlərini mərkəzdən para və icra qərarları gəlmədən həll edə bilsinlər.
İnsanları hələ də 19-cu əsrdən 21-ci əsrə keçməyə qoymayan əl onları nə qədər bədbəxt etdiyinin fərqində deyil...
Müəllif: Rövşən Ağayev (iqtisadçı ekspert)
Mənbə: “Facebook”