Maimonides, Musa bin Meymun, Rambam...
Maymonidin elmi-fəlsəfi görüşləri universal xarakter daşıyır
Maymonid (1138-1204). Kordoba, Əndəlüs, İspaniya. Yanvar, 2022.
Müsəlman Əndəlüsündə yaşamış böyük yəhudi alimi. Bəşər tarixinin dahi mütəfəkkirlərindən, filosof, elm xadimi olan Maymonidin xatirəsini İspaniya Kordobasının qədim küçələrində yad etmişdim.
Qərb elmində adı Maimonides, Şərqdə Musa bin Meymun, yəhudi mənbələrində isə Rambam olaraq xatırlanır. Maymonidi Kordobanın bəşəriyyətə bəxş etdiyi ən böyük dahilərdən (Seneka, İbn Rüşd kimi) biri hesab etmək olar.
Maymonidin elmi-fəlsəfi görüşləri universal xarakter daşıyır. Aristotel, Platon, Qəzzalı, İbn Sina, İbn Rüşd elmindən faydalanıb. Akvinalı Foma, Spinoza və İsaak Nyuton isə Maymoniddən bəhrələnib.
Maymonid də həmşəhərlisi İbn Rüşd kimi Qərbdən Şərqə böyük körpü olub. İbn Rüşd necə İslam fəlsəfəsini Qərb elmi ilə sintez etmişdisə, Maymonid də eynisini yəhudi dini üzərindən edib. Şərq intibahının səbəbkarı olan İslam peripatetizminin tərəfdarı olub.
Maymonid haqqında bir az oxuduqda çox maraqlı və realist düşüncələri görmək mümkündür. Maymonid Tanrının varlığını və aliliyini dinlə yanaşı elmi sferadan da tədqiq etməyə çalışıb. Tanrının təsviri ilə bağlı bütpərəst və xurafat yanaşmaları kəskin inkar edib.
Maymonid Allahın qeyri-maddi əsaslı, dərk edilməsi qəliz bir varlıq olduğunu bildirib, insanları şərə aparan qüvvənin isə sırf maddi əsaslı olduğunu bəyan edib. Maymonidə görə, peyğəmbərlər böyük dövlət xadimləri olublar.
Maymonid texniki elmlərə də ciddi maraq göstərib. Tibb sahəsində asma, diabet, hepatit və pnevmaniya xəstəliklərinin müalicə edilməsində böyük qatqıları olub.
Müəllif: Ramil Həsənov (araşdırmaçı)
Mənbə: “Facebook”