Moskva qonşularını rubla möhtac etmək istəyir
Taxıl və günəbaxan yağı üçün ixrac rüsumlarının hesablanması rublla aparılacaq
Rusiyada taxıl, günəbaxan yağı və un üçün ixrac rüsumlarının hesablanması rublla aparılacaq. Qərarda bu məhsullar üzrə rüsumların qüvvədə olma müddəti də bir il - 2023-cü il avqustun 31-dək uzadılıb.
Kənd Təsərrüfatı Nazirliyindən qeyd edildiyi kimi, həyata keçirilən tədbirlər kənd təsərrüfatı məhsullarının ixracının dəstəklənməsinə, valyuta məzənnələrinin dəyişməsinin ixrac rüsumlarının məbləğinə təsirinin azaldılmasına kömək edəcək. Bundan əlavə, bu, daxili bazarda sabit qiymət konyukturasını təmin edəcək.
“Rusiyada aqrar-sənaye kompleksinin bu məhsulları üçün çevik ixrac rüsumları var. Onlar indikativ (bazar göstəricilərinin arifmetik orta göstəricisi) və baza qiymətlərindən asılıdır. Əvvəllər baza qiymətləri dollara bağlanırdısa, indi rublla hesablanacaq. Belə ki, günəbaxan yağının baza qiyməti bir ton üçün 82 500 rubl (əvvəlki 1000 dollar əvəzinə), buğda və meslində bir ton üçün 15 000 rubl (əvvəllər 200 dollar), arpa və qarğıdalıda bir ton üçün 13 875 rubl (əvvəllər 185 dollar) təşkil edəcək”, - deyə nazirliyin “Telegram” kanalı məlumat yayıb.
İqtisadçı ekspertlərin fikrincə, bu addımı atmaqda Rusiya hökumətinin əsas məqsədi təkcə, bəyan edildiyi kimi, kənd təsərrüfatı məhsullarının ixracını dəstəkləmək, valyuta məzənnələrinin dəyişməsinin ixrac rüsumlarının məbləğinə təsirinin azaldılmasına kömək deyil, eyni zamanda Rusiyadan buğda alacaq və ya almağa məcbur olacaq ölkələri malın pulunu rublla ödəməyə məcbur etməkdir. Deyək ki, Rusiyadan buğda alacaq, məsələn, Türkiyə pulu rublla verməli, rublu əldə etmək üçün isə onu Rusiya birjalarından almalıdır.