Ermənilər qarışqadan necə fil düzəltdilər – Surqutda azərbaycanlı xanıma “atəş” əmri
Dünyanın təziqləri qarşısında çökən və aqressivləşən Rusiya cəmiyyəti günahkar axtarır: çalışaq ki, o günahkar biz olmayaq
Tale elə gətirib ki, biz Rusiya ilə qonşuyuq və həm dünyada, həm də ölkələrimiz arasında baş verən hansısa bir hadisə mütləq orada yaşayan çoxmilyonlu soydaşlarımıza da təsir edir. Belə məqamdan, təbii ki, bədnam qonşularımız da yararlanır və adı məişət zəmində baş verən mübahisəni belə, az qala, millətlərarası müstəviyə qaldırmaq istəyirlər.
Sonuncu belə hadisə Rusiyanın azərbaycanlıların çox sıx yaşadıqları Surqut şəhərində baş verib. Əslində, bu xəbər diqqətimizi sosial şəbəkələrin rus seqmentində ermənilər tərəfindən şişirdildiyi üçün cəlb etdi. “Bu azərbaycanlı niyə yaşadığı torpağa və millətə hörmət emir”, “Azərbaycanlılar belədir – ruslara tüpürürlər”, “Azərbaycanlılar rusları adam saymırlar” və sair kimi başlıqları görəndən sonra başladıq maraqlanmağa ki, əcaba, bu azərbaycanlı xanım nə deyibki, aləm qarışıb bir-birinə...
Məsələ çox sadə bir nöqtədən başlayıb. Surqutda çoxmənzilli binada yaşayan milliyyətcə azərbaycanlı xanım Raya Məmmədova binada yaşayan bir qrup uşağa qoşularaq, dəcəllik edən oğlunun videosunu ümumi bina çatında görəndən sonra əsəblərinə hakim ola bilməyib. Nəticədə videonu çəkəndə, onu çata atanda, baş verənlərə etiraz edən qonşularda və eləcə də, Rusiya mətbuatının yazdığına görə, bütün rus millətində var-yox qoymayıb. Məlum olub ki, videonu çəkən də həmin binanın sakini imiş və o, çatda valideynlərdən liftə zərər yetirən, divarlarda plakatları cıran, bir sözlə, dəcəllik edən uşaqlarla söhbət aparmağı valideynlərdən xahiş edib.
Bəlkə də, bunu başqa biri etsəydi, digər sakinlər uzağı sahə müvəkkilinə şikayət etməklə kifayətlənərdilər. Amma, bu çatdakı yazışmanın sosial şəbəkələrə, rus mediasına həvəslə ayaq açması və xüsusən də erməni millətindən olanlar tərəfindən aktiv şəkildə yayılması və şərh edilməsi, münaqişəni az qala millətlərarsı müstəviyə çıxardı və geniş ictimaiyyətin hiddətinə səbəb oldu.
Düzdür, baş verənləri gözəl anlayan Surqutdakı Azərbaycan diasporu dərhal reaksiya verərək, qadının yerinə üzrxahlıq edib, elə qadının özü də yeni videomüraciət yayaraq üzr istəyib. Üzrxahlıq zamanı Məmmədova heç kimi incitmək istəmədiyini bildirib. O, həmçinin bütün xalqlara eyni dərəcədə hörmət etdiyini vurğulayıb. Qadın videonu əri ilə birlikdə polisə çağırıldıqdan sonra lentə alıb.
Rusiya Daxili İşlər Nazirliyinin Surqut üzrə əməkdaşları bu faktla bağlı yoxlamaya başlayıb, nəticədə qanunvericiliyə uyğun olaraq prossesual qərar qəbul ediləcək.
Aydındır ki, münaqişə məhz məişət zəminində baş verib, amma... İndiki çətin geosiyasi şəraitdə, dünyanın taleyinin Ukraynada həll edildiyi və başa çatmamış Qarabağ kimi problemi olan bir müddətdə, biz, xüsusən də Rusiyadakı soydaşlarımız hər addımlarında ehtiyatlı olmalı və boş yerdə düşmənin əlinə əleyhimizə işlədə biləcəyi heç bir bəhanə verməməlidirlər. Çünki dünyanın təziqləri qarşısında davam gətirməkdə hər gün çətinlik çəkən ruslar günahkar axtarırlar.
Rus politoloqları “Türkiyədən fərqli olaraq, Azərbaycan Ukraynanı gizli şəkildə silahlandırır” tezisini nahaq yerə ortaya atmayıblar ki. Odur ki, gəlin ehtiyatlı olaq və bu axtarılan günahkar biz olmayaq.