Tarixi RAMŞTAYN görüşü ərəfəsində

Tarixi RAMŞTAYN görüşü ərəfəsində

Mütərəqqi Dünya səbirsizliklə görüşün nəticələrini gözləyir

Ramştayn (Ramstein) Almaniyanın qərbində, Kayzerslautern yaxınlığında (Reynland-Pfalts federal əyalətini) kiçicik bir qəsəbədir. Cəmi 7500 nəfər əhalisi var.

Ancaq onun kiçik olmasına baxmayın. Bu qəsəbədəki eyniadlı aviabaza ABŞ Hərbi Hava Qüvvələrinin (USAFE) ölkə xaricindəki ən böyük Hava Qüvvələri bazasıdır.

Ramştayn aviabazası ABŞ-ın Almaniyadakı qalasıdır. Bu bazada eyni zamanda ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələrinin qərargahı yerləşir.

Sabah – 20 yanvar tarixində bu aviabazada Ramştayn formatında yeni bir görüş keçiriləcək. Görüşdən bir neçə gün öncə yeni zirvə “Tarixi Zirvə” olaraq görülür.

Sabah Ukraynaya yeni hərbi avadanlıqların çatdırılması haqda tarixi qərar alınacağı gözlənilir. Bir çox mənbələr Ramştayn görüşünün çox “səxavətli” müjdələr verəcəyini təxmin edirlər.

Bu yardım Rusiyanın ehtimal edilən mart-aprel hərbi hərəkatlarına cavab vermək üçün Ukraynaya hava-su kimi lazımdır.

Ölkələrə görə bu yardımları belə sıralayırlar:

  1. İsveç 50 ədəd CV90 – 40 mm-lik “Bofors” topu və içərisində 7-8 oturacaq olan piyada döyüş maşını (BTR) vəd edir;
  2. İsveç həmçinin yüksək texnologiyaya sahib “Archer” haubitsaları (təxminən 8 ədəd) vəd edir;
  3. ABŞ “Stryker” zirehli transportyorunu tədarük etməyi vəd edir. Çox güman ki, ağır “Browning” pulemyotu və eniş üçün 9 desant yeri olan variant təklif olunur. Say olaraq 100 ədəd yazırlar, əgər bu qədər versə, çox gözəl olardı, ancaq hələ bir baxaq;
  4. Birləşmiş Ştatlar həmçinin uzun mənzilli GLSDB sistemləri verəcək. Bunlar “Hymars”-in daha ucuz və daha uzunmənzilli analoqudur;
  5. Fransanın “AMX-56 Leclerc” tanklarını tədarük edəcəyi haqda şayiələr gəzir;
  6. Əsas gözlənti Almaniyadan “Leopard-2” tanklarının tədarükünə icazə verilməsidir.

Ancaq icazə çıxmasa belə, Polşanın Baş naziri bildirib ki, hətta almanların razılığı olmadan da göndərəcəklər. Siyasi baxımdan bu, qalmaqal olar, lakin məqsəd o qədər alidir ki, polyaklara haqq qazandıracaq.

  1. Danimarka cəbhədə özünü yaxşı tərəfdən göstərən 19 fransız özüyeriyən silahı SEZAR vəd edir.

Mütərəqqi Dünya səbirsizliklə Ramstein görüşünün nəticələrini gözləyir.

Müəllif: İbrahim Nəbioğlu (publisist, araşdırmaçı)

Mənbə: “Facebook”