Bir kəndin sakinləri bir anda milyonçu oldular
Onların hər biri eyni vaxtda 1,5 milyon manat qazanıb
Belçikada kiçik bir kəndin 165 sakinindən ibarət sindikat “EuroMillions” Avropa lotereyasının növbəti tirajını qazanıb. Lotereyanın təşkilatçıları bildiriblər ki, bir qrup belçikalı 143 milyon avrodan çox cek-potu udub ki, bu da oyunçuların hər birinin təxminən 868 min avro (təxminən, 1,5 milyon manat – red.) qazanması deməkdir.
Ümumilikdə, bu dəfə lotereya biletlərini 27 milyondan çox avropalı alıb.
Belçika Milli Lotereyasının sözçüsü Jock Vermoer ölkə sakinlərinin tez-tez qruplar şəklində oynadığını, lakin qaliblərin sindikatının heç vaxt bu qədər çox olmadığını söyləyib.
Sindikatın bütün üzvləri Antverpen yaxınlığındakı kiçik Olmen kəndində yaşayır (əhali təxminən 3,7 min nəfərdir). Onların hər biri yerli mağazadan alınan lotereya biletləri üçün eyni məbləğ ödəyib - yəni uduş hamı arasında bərabər bölünəcək.
Çərşənbə günü sindikat üzvlərinin bəzilərinə uğurları barədə məlumat verilərkən, eyni mağazada olan Vermoer oradakı atmosferi sakitlik və eyforiyanın birləşməsi kimi təsvir edib. O, qalibiyyəti "indiyə qədərki ən yaxşı Milad hədiyyəsi" kimi təsvir edib.
Bir neçə ildir ki, oxşar loto sindikatları təşkil edən dükan sahibi Belçika radiosuna bildirib ki, qaliblərdən bəziləri ona inanana qədər uduş mesajını beş-altı dəfə təkrarlamalı olub. Sindikat üzvlərinin adları açıqlanmayıb.
Ən son “EuroMillions” cek-potu kifayət qədər təsirli olsa da, bu, tarixdə ən böyük cek-pot deyil. İyul ayında Böyük Britaniya sakini lotereyada 195 milyon funt sterlinq, bir neçə ay əvvəl isə britaniyalı cütlük 184 milyon funt sterlinq udmuşdu.
“EuroMillions” lotereyasında doqquz Avropa ölkəsinin, o cümlədən Belçika, Fransa, Böyük Britaniya, İspaniya, Portuqaliya, İrlandiya, Avstriya, İsveçrə və Lüksemburqun rezidentləri iştirak edir.
(BBC)