Yuxu və Ölüm
Birincinin üzərinə işıq düşür, ikincisi isə zülmət içindədir
İngilis rəssam Con Uoterhauzun (J.W.Waterhouse) "Yuxu və ögey qardaşı Ölüm" (Sleep and his Half-brother Death, 1874) adlı tablosu. Rəssam əsəri iki qardaşının tuberkulozdan ölümündən təsirlənərək çəkib.
Tabloda iki ekiz qardaş - Hipnoz və Tanatos adlı tanrılar rəsm edilib. Qədim yunan mifologiyasında Hipnoz Yuxu Tanrısı, Tanatos isə Ölüm Tanrısıdır. Valideynləri Gecə Tanrıçası Niks ilə Zülmət Tanrısı Erebusdur.
Tabloya diqqətlə baxdıqda görürük ki, Yuxu Tanrısı olan Hipnozun üzərinə işıq düşür, Ölüm Tanrısı Tanatos isə zülmət içindədir. Fikir verin, Hipnozun əllərində yuxu və sehrli röyalar simvolu olan xaşxaş çiçəkləri var. Ön plandan arxa plana keçəndə istiqamətin həyatdan ölümə doğru olduğunu görürük.
Gecə Tanrıçası Niks (Nyx, Νυκτός) adını Hind-Avropa dillərindəki "nekwt" (gecə) kökündən alır. İngilis dilindəki "night" sözündə də görünür bu əlaqə.
Bildiyimiz "hipnoz" kəlməsi isə Hipnoz (Hypnos) Tanrısının adından gəlir.
Tanatos (Thanatos) adı Hind-Avropa dillərində "yox olmaq" və ya "zil qaranlıq" anlamına gəldiyi düşünülür.
Yunan mifologiyasında Hipnoz Tanrısının oğullarından biri Morfidir (Morpheus). Tiryəkdən əldə edilən və ağrıkəsici, uyuşdurmaq və ya keyitmək üçün istifadə "morfin" adını ondan alır. Yunanca "morphe" kəlməsi "format" deməkdir, ancaq röya və xəyallarla əlaqələndirilir.
Yuxu ilə Ölüm arasındakı yaxınlıq, onların qardaş, analarının isə "gecə" olması gözəl bir mifoloji bağlantıdır.
Müəllif: İbrahim Nəbioğlu (publisist, araşdırmaçı)
Mənbə: “Facebook”